İş yerimiz Binəqədi rayonu ərazisində yerləşir. Hər gün axşam işdən çıxıb, evə gedəndə sahibsiz itlərin küçədə sürü halında gəzdiyini görürük. Məhəllə sakinləri deyir ki, əvvəllər müvafiq qurumlara şikayət edəndə gəlib itləri toplayırdılar. İndi şikayətə ünvan da tapmırıq... Yerli icra hakimiyyəti orqanları bu işlə məşğul olmadıqlarını deyirlər.


"Heç bir heyvan öldürmək səlahiyyətimiz yoxdur”


Son günlər şəhərdə itlərin sayının çoxaldığı müşahidə olunur. Bu hirsli heyvanlar nəinki gecələr, lap elə gündüzlər də insanlara təhlükə yaradır. Artıq şikayətlər sosial şəbəkələrə də gedib çıxıb. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi ilə əlaqə saxladıq. 


İdarənin rəisi Eldəniz Məmmədov öncə hansısa səbəbdən danışmaq istəmədi, uzun çək-çevirdən sonra suallara qısa cavab verəcəyini dedi.


Eldəniz Məmmədovun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinə sakinlərdən şikayət gəldikdə idarə əməkdaşları həmin əraziyə gedirlər: "Bizim quruma şikayət daxil olduqda işçilərimiz deyilən yerə gedib, insanları narahat edən heyvanlar əllə toplayırlar. Xüsusi saxlama məntəqəmiz var ki, heyvanları ora gətiririk. Aralarında xəstəsi varsa, baytarlar onu müalicə edir. Gətirilən heyvanların hamısı yemlənir”.


Qeyd edək ki, Azərbaycan 1997-ci ildə Strasburqda "Heyvanların Mühafizəsi” ilə bağlı Avropa Konvensiyasına qoşulub, 2007-ci ildə ölkəmizdə "Heyvanların mühafizəsi haqqında” qanun qəbul olunub. Bundan əlavə, 2011-ci ildə Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli 38 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları” təsdiq edilib.


Konvensiyaya görə, heyvanları öldürənlər, şikəst edənlər cəzalandırılmalıdırlar. Azərbaycanın İnzibati Xətalar Məcəlləsində bununla bağlı 25 manatdan 500 manata qədər cərimə nəzərdə tutulur.


Eldəniz Məmmədov deyir ki, Azərbaycan həmin Konversiya qoşulandan heyvanları öldürməyə icazə verilmir: "Bizim heç bir heyvan öldürmək səlahiyyətimiz yoxdur. Sadəcə onları toplayır və müalicə edirik”.


Son günlər it dişləməsi ilə bağlı xəbərlərin sayı çoxaldığı barədə sualımıza cavab olaraq idarə rəisi bildirdi ki, bəzən şikayət gələn ünvanda bütün heyvanları toplamaq mümkün olmur: "Deyilən ərazilərdən heyvanları toplayırıq, elə olur 1-2 heyvan qalır. Daha sonra o ərazini nəzarətə götürürük, qalan heyvanları da toplayırıq. Ərazi sahibsiz heyvanlardan təmizlənir. Təmizlənəndən sonra orada nə artım ola bilər ki? Mümkün deyil”.


Eldəniz Məmmədovun sözlərinə görə, Binəqədi rayonundan da sahibsiz heyvanlarla bağlı şikayət alıblar: "Binəqədi şikayət çox daxil olan ərazidir. Mən artıq ünvanları yazıb, işçilərə vermişəm”.


5383 nəfəri it dişləyib...


Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, bu ilin 6 ayı ərzində 5383 nəfəri it, 440 nəfəri pişik, 210 nəfəri siçovul, 113 nəfəri isə başqa heyvanlar dişləyib. 


Bakı üzrə isə son 5 ay ərzində 1905 dişləmə faktı qeydə alınıb. Onlardan 1499 nəfəri it, 260 nəfəri pişik, 112 nəfəri siçovul, 34 nəfəri isə başqa heyvanlar dişləyib. 


Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən bildirildi ki, heyvan dişləməsi barədə statistika aparılması məsələsini artıq Mərkəz deyil, Respublika Taun Əleyhinə Stansiyası aparacaq. Səbəb isə bölgələr üzrə gələn statistika rəqəmlərinin uyğun gəlməməsidir.


"100 faiz ölümlə nəticələnir" 


Respublika Taun Əleyhinə Stansiyasının şöbə müdiri Rita İsmayılova sözlərinə görə, ilin sonunda heyvan dişləməsi ilə bağlı illik statistika təqdim ediləcək.


Rita İsmayılova xəbərdarlıq edir ki, quduzluğa yoluxmuş heyvanların dişlədiyi insanlar peyvənd olunmadıqda bu, ölümlə nəticələnir: "Dişləmə baş verən vaxt insanlar həkimə müraciət etməli, müalicə almalıdırlar. Çünki müalicə aparılmasa, bu, yüz faiz ölümlə nəticələnən xəstəlikdir. Quduzluq xəstəliyinə yoluxan insan mütləq ölür. Sağalmadan söhbət gedə bilməz. İnsanlar vaxtında müraciət edib, həkimin təyin etdiyi müalicə kursunu təyin olunmuş sxem üzrə alırlarsa, heç bir fəsad olmur. Gecikmələr isə təbii ki, fəsadla nəticələnə bilər”.


Şöbə müdiri deyir ki, naməlum it dişləməsinə məruz qalan adama sxem üzrə 5 iynə vurulur: "Əvvəlcə dişləmə günü, daha sonra dişləmənin 3-cü, 7-ci, 14-cü və 28-ci günləri iynə vurulur. Dişləyən heyvan məlumdursa, baytarlar onun üzərində 10 gün müşahidə aparır. 10 gün ərzində it tərəfindən dişlənmiş, cırmaqlanmış və yaxud tüpürcəklənmiş insan 3 iynə qəbul edir: dişləmə günü, daha sonra dişləmənin 3, 7-ci günü. Əgər 10 gün ərzində heyvan ölməsə, kurs dayandırılır. İt ölərsə bu zaman yenidən 5 iynə vurulması başlanır. Bir daha bildirək ki, belə hadisə ilə üzləşən insanlar dərhal həkimə müraciət etməlidirlər”.


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən məlumata görə, bu il ərzində Respublika Baytarlıq Laboratoriyasına 14 nümunə daxil olub və nümunələrdən 12-də quduzluq xəstəliyinin daşıyıcısı aşkarlanıb. Quduzluq xəstəliyi ilə bağlı statistika isə ötən ilə nisbətən azalıb. 


Xidmətdən bildirilir ki, qeydiyyatda olan itlərin quduzluğa qarşı vaksinasiyası aparılır.


"Dövlət it-pişiyə sığınacaq tikməlidir”


2009-cu ildən ölkədə Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi fəaliyyət göstərir. Sahibsiz heyvanlar toplanaraq həmin mərkəzə gətirilir.

 

Mərkəzin direktor köməkçisi Vüsalə Əli deyir ki, qurum sahibsiz heyvanların yığılması, qısırlaşdırması, sahibləndirilməsi və insanların bu sahədə maarifləndirilməsinə çalışır: "Təəssüf ki, Azərbaycanda sahibsiz heyvanları saxlamaq istəyənlər çox azdır. Əvvəllər sahibsiz heyvanları ya işçilərimiz yığırdı, ya da insanlar tapıb mərkəzə gətirirdi. Biz onları qəbul edir, peyvəndləyir, qısırlaşdırırdıq. Onları öldürməyə heç bir ixtiyarımız yoxdur. 


Sığınacağımızda heyvanların sayı çoxdur və hazırda sahibsiz heyvanların qəbulun dayandırmışıq. Ümidimiz vardı ki, burdakı heyvanlara sahib çıxanlar olacaq. Yəni insanlar zooparklardan külli miqdarda pul verib heyvan almayacaq, sığınacaqdakı heyvanlara sahiblənəcəklər. Amma düşündüyümüz kimi olmadı. Bizim qurum özəl təşkilatdır, imkanlarımız məhduddur”.


Direktor köməkçisinin sözlərinə görə, hazırda sığınacaqda 200-ə yaxın sahibsiz it və pişik var: "2009-cu ildən bu günə 5 minə yaxın sahibsiz heyvanı müalicə edib, qısırlaşdırıb, küçəyə buraxmışıq. Artımın qarşısının alınması ən optimal yolu küçə heyvanlarının qısırlaşdırlmasıdır”.


"Canlı Aləmin Mühafizəsi Alyansı” ictimai birliyinin sədri Mənsurə Rəsulzadə deyir ki, heyvanların da təhlükəsiz yaşamaq haqqı var. O, hesab edir ki, dövlət sahibsiz heyvanlar üçün sığınacaq yaratmalıdır: "Azərbaycanda sahibsiz heyvanların saxlanması üçün sığınacaq yaradılmalı, Küçələrdə bala doğan heyvanlar nəzarətə götürülməlidir”.

.