Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva işğaldan azad olunan ərazilərdəki seçki məntəqələrində yaradılan şəraitlə tanış olub.
O, növbədənkənar prezident seçkiləri ərəfəsində vətəndaşların seçki hüququnun təmini də daxil olmaqla, seçki prosesi ilə bağlı ümumi vəziyyətin araşdırılması üçün işğaldan azad olunan ərazilərdə müşahidələr həyata keçirib.
Xankəndi, Şuşa və Laçında yeni yaradılmış seçki məntəqələrində aparılmış müşahidələr zamanı ombudsman növbədənkənar prezident seçkilərinə hazırlıq prosesi ilə yaxından tanış olub, məntəqələrdə seçici siyahılarına baxış keçirib, seçkiyə hazırlıq məqsədilə həyata keçirilən tədbirlər, seçki hüququnun təmini istiqamətində görülən işlərlə maraqlanıb.
Ombudsman öz doğma torpaqlarına geri qayıtmış vətəndaşlarla da görüş keçirib, seçki prosesi, seçicilərin hüquqları, vəzifələri və digər məsələlər barədə müzakirələr aparılıb.
İşğaldan azad edilmiş ərazilərimizdə yaşayan vətəndaşlarımızın seçki hüquqlarının həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş lazımi şəraitin yaradıldığı müşahidə olunub.
Qeyd edilib ki, sevindirici haldır ki, dövlətimizin həyatında mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri ilk dəfə olaraq suveren ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızda keçiriləcək. Belə ki, həmin ərazilərdə bərpa-quruculuq işlərinə cəlb olunmuş, habelə öz doğma yurdlarına qayıtmış şəxslərin seçki hüququnun təmini məqsədilə 26 seçki məntəqəsi yaradılıb.
.