"Beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana qarşı daha da kəskinləşən nifrət siyasətinə biganə qalmamalıdır".
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Qeyd edilib ki, dözümsüzlük mühiti və nifrət nitqi insan hüquqlarının təmininə əsas təhdid kimi çıxış edən amillərdəndir. Hazırda sosial şəbəkələrdə davamlı olaraq azərbaycanlıları hədələyən, ölümlə təhdid edən açıqlamaların verilməsi, təhqiredici ifadələrdən geniş şəkildə istifadə edilməsi, etnik zəmində nifrətin təşviq edilməsi məhz uzun illərdir Ermənistan tərəfindən Azərbaycana qarşı yaradılmış dözümsüz münasibətin nəticəsidir.
Təəssüflə bildiririk ki, Ermənistan tərəfindən Azərbaycana və azərbaycanlılara qarşı bu məqsədlə atılan addımlar nəinki səngimir, əksinə son zamanlar daha da kəskin şəkil almaqdadır. Bu günlərdə Ermənistanın yerli və beynəlxalq ictimai rəyi çaşdırmağa xidmət edən əsassız təbliğatına dəstək verən bir sıra bəyanatların da iki ölkə arasında ədalətli sülhün təmininə deyil, qarşıdurmanın yenidən alovlanmasına xidmət etdiyini vurğulamaq istərdik.
Bu baxımdan, bir daha bölgədə sülhün bərqərar olunmasının vacibliyini qeyd edir, Ermənistanın hakim dairələrini, nüfuzlu insan hüquqları təşkilatlarını və hüquq müdafiəçilərini beynəlxalq hüququn tələblərinə hörmət etməyə və ədalətli mövqe tutaraq nifrət siyasətinin qarşısının alınmasına dəstək verməyə çağırırıq.
Bildirilib ki, Ermənistanın Azərbaycanofobiya siyasətinin nəticələrini özündə əks etdirən materiallar mütəmadi olaraq monitorinq edilərək beynəlxalq təşkilatların diqqətinə çatdırılır.
.