Avropa Şurasının baş katibi Torbyörn Yaqlandın mayın 8-də Bakıya səfəri gözlənilir. Ekspertlər hesab edirlər ki, onun gəlişi Azərbaycanda may ayında nəzərdə tutulan əfv fərmanının daha çox dustağa şamil edilməsinə səbəb ola bilər.
Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, baş katibin gəlişinin həbs edilən siyasilərə təsiri gözlənilir:
"Təbii ki, Avropa Şurasının baş katibi Torbyörn Yanqlandın Bakıya səfəri həbs edilən siyasilərin azad edilməsinə yardım edə bilər. Biz çox ümid edirik ki, baş katib bu məsələlərlə bağlı ölkə başçısı ilə danışacaq. Bu danışıqdan isə müsbət nəticələr gözləyirik”.
Novella Cəfəroğlu bildirib ki, biz artıq məhbusların adlarının qeyd olunduğu siyahını hazırlamışıq:
"Biz məhbuslarla bağlı xüsusi siyahı hazırlamışıq. Bu siyahını da həmçinin ölkə başçısına göndərmişik. Baş katib gəldiyi zaman ona da eyni siyahını təqdim edəcəyik. Mövcud siyahıda həbsdə olan "N!DA” üzvləri, jurnalistlər, İsmayıllı hadisələrində tutulan şəxslər, Əli İnsanovun və digərləri olmaqla, 26 nəfər həbs edilən siyasinin adı qeyd olunub. Ümid edirik ki, qarşıdan gələn əfv fərmanında onlar bağışlanacaqlar. Bu əfv fərmanına isə güman edirik ki, Avropa Şurasının baş katibinin də müəyyən qədər təsiri olacaq”.
Qeyd edək ki, 2013-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin hazırladığı qətnamə layihəsi rədd edilib.
.
