"Diplomatiya və beynəlxalq münasibətlər ailə münasibətləri kimidir. Bəzən hər şey çox yaxşı gedir, mehribançılıq olur, bəzən isə soyuqluq yaranır”.

Virtualaz.org saytının məlumatına görə, bunu ABŞ dövlət katibi köməkçisinin baş müavini Riçard Hoqland səfirlikdə keçirilən mətbuat konfransında, jurnalistlərin Azərbaycanda insan haqlarının vəziyyəti və ABŞ-Azərbaycan münasibətləri ilə bağlı suallarını cavablandırarkən deyib.
"Bu cür məsələlər müzakirə tələb edir və biz onu Azərbaycan hökuməti ilə müzakirə edirik. Əsas odur ki, tərəflər bir araya gəlsin, xoş niyyət, qarşılıqlı hörmət göstərib, münasibətləri bərpa etsin”, - deyə Riçard Hoqland xarici işlər naziri Elmar Məmmədyarovla artıq səmərəli söhbət apardıqlarını xatırladıb.
ABŞ və İranın tarixi saziş bağladığını vurğulayan Riçard Hoqland deyib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi sazişin texniki aspektləri üzərində işləyəcək: "Sanksiyalar ləğv edilməyəcək, bu proses 6 aydan sonra başlaya bilər. 6 aydan sonra vəziyyətin necə dəyişəcəyi məlum deyil".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi barədə danışarkən ABŞ rəsmisi qeyd edib ki, onun ölkəsi ATƏT-in Minsk Qrupuna olan inamını saxlayır. Onun sözlərinə görə, tərəflər bu məsələni qarşılıqlı hörmət əsasında həll etməlidirlər.
.