
«Obama-nın Azərbaycanda vətəndaş cəmiyyətinin problemlərinə dair mesajı yaxşı məlumata əsaslanıb». Bunu ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia sentyabrın 25-də AzadlıqRadiosuna açıqlamasında deyib.
ABŞ prezidenti Barak Obama bu günlərdə deyib ki, Azərbaycanda QHT-lərin fəaliyyətinə inanılmaz əngəllər yaradılır.
Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə ABŞ prezidentinin tənqidlərinin obyektiv olmadığını bildirib. Onun dediyinə görə, ABŞ prezidentinə doğru məlumat vermirlər.
«Obama həmin bəyanatı verməmişdən öncə yaxşı məlumatlandırılıb», - Tomas Melia belə deyib.
«Biz durumu izləyirik və mən tezliklə Azərbaycana səfər edəcəyimi gözləyirəm», - cənab Melia deyib. Bir il öncə Azərbaycan hökuməti onun səfərindən imtina edib.
Tomas Melia həmçinin Senatın Azərbaycanda səfir postuna Robert Cekuta-nı təsdiqləyəcəyini gözlədiklərini söyləyib.
.