
"Rusiyadan tutumuş Çinə və Venesuelayadək amansız basqılar görürük, hökumətlər legitim fikir ayrılığını dövlətə xəyanət kimi dəyərləndirirlər. Azərbaycan kimi yerlərdə qanunlar QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdirir”.
"Amerikanın səsi" xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama Klinton Qlobal Təşəbbüsünün illik sessiyasındakı nitqində bəyan edib. Sivil cəmiyyətin inkişafına həsr olunmuş çıxışda ABŞ lideri avtoritar cəmiyyətlərdə müxalif fikir daşıyan insanların, fəalların məqsədyönlü şəkildə hədəf alındığını bildirib. Onun sözlərinə görə, bu növ basqılarla rejimlər cəmiyyətin inkişafının qarşısını alır, onları azadlıqdan məhrum edir və insanların rifahına əngəl olurlar.
Həbs olunan sivil cəmiyyət fəallarının dərhal azadlığa buraxılmasına səsləyən prezident Obama sivil cəmiyyətə basqıları demokratiyaya hücum kimi dəyərləndirib. "Demokratiyanı gücləndirmək üçün daha güclü kampaniyaya ehtiyac var”, - deyə o bildirib.
İnsan haqları və demokratiyanın ABŞ milli maraqlarının təməl prinsipləri olduğunu vurğulayan prezident Obama yalnız bu prinsipə hörmət edən ölkələrin ABŞ-la yaxın münasibətlər saxlaya biləcəyini deyib.
"O ölkələr ki, insan haqlarına – təşkilatlanma azadlıqlarına hörmət edirlər – onlar bizim ən yaxın tərəfdaşlarımız olurlar. Bu, təsadüf deyil. Eyni zamanda o ölkələrdə ki, bu haqlar tapdanır, o cəmiyyətlərdə hiddət və ədalətsizlik hissi alovlanır ki, bu da sonda qeyri-sabitliyə yaxud ekstremizmə gətirib çıxara bilər. Odur ki, mən inanıram ki, Amerikanın sivil cəmiyyətə dəstəyi milli təhlükəsizlik məsələsidir."
Amma burada incə bir məqam var. ABŞ prezidenti QHT-lərin və sivil cəmiyyətin işinə əngəl yaradan dövlətlərdən danışanda Azərbaycanın da adını çəkib, daha doğrusu çəkmək istəyib və yalnız ikinci cəhddən buna nail olub.
Azvision.az-ın qeyd etdiyi kimi, videodan da görürük ki, Obama "Azərbaycan" sözünün baş hərfini deyəndən sonra ardını gətirə bilmir, duruxur, kənara - yəqin ki, özünün köməkçilərinə və spiçrayterlərinə baxır. Və tez kimsə onun miniatür qulaqcığına `Azərbaycan` sözünü deyir. Obama da nitqini davam etdirir...