ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları 2019-cu ildə yüksək səviyyəli diplomatik danışıqların qızğın vaxtında gizli dinləmə cihazı yerləşdirmək məqsədilə həyata keçirilən, lakin uğursuzluqla nəticələnən əməliyyat zamanı bir neçə Şimali Koreya vətəndaşını güllələyib.

Yenizaman-ın "The New York Times" qəzetinə istinadla verdiyi məlumata görə, bu barədə 20-dən çox hazırkı və keçmiş amerikalı rəsminin açıqlamalarına əsaslanan hesabatda deyilir.

Nəşr yazır ki, əməliyyat şəxsən prezident Donald Tramp tərəfindən təsdiqlənmişdi, lakin xüsusi təyinatlı dəstə Şimali Koreyaya məxsus qayığa rast gəldiyi üçün plan iflasa uğrayıb. Aşkar olunmaq təhlükəsindən ehtiyat edən ABŞ hərbçiləri qayıqdakı bütün şəxsləri atəşə tutaraq öldürüblər. Daha sonra məlum olub ki, bu şəxslər silahsız mülki vətəndaşlar olublar.

Xüsusi məxfi missiyanın məqsədi Şimali Koreya lideri Kim Çen İnin rabitəsini ələ keçirmək üçün cihaz yerləşdirmək olub. Bu, Trampa nüvə danışıqlarında üstünlük qazandırmaq məqsədi daşıyıb. Lakin baş verən insident səbəbilə əməliyyat dayandırılıb və cihaz yerləşdirilməyib.

NYT-nin məlumatına görə, Tramp administrasiyası əməliyyatın uğursuzluğu və mülki şəxslərin həlak olması barədə Konqresin əsas üzvlərini məlumatlandırmayıb.

Qəzet əlavə edir ki, sonradan Pentaqonun hazırladığı məxfi hesabat xüsusi təyinatlıların hərəkətlərini döyüş əməliyyatları qaydaları çərçivəsində əsaslandırılmış hesab edib.

.