
Azərbaycanlı müğənni Nura Suri media nümayəndələrini və sənət yoldaşlarını ətrafına toplayıb Gürcüstanda çəkdirdiyi yeni klipin təqdimat mərasimini keçirib. ANS PRESS-in məlumatına görə, sözü və musiqisi aparıcı, bəstəkar Murad Arifə aid olan "Brilliantlar" adlı mahnıya məşhur gürcüstanlı rejissor Zaza Oraşvili həyat verib. Rejissor bundan öncə də xalq artisti Zülfiyyə Xanbabayeva, Sevda Ələkbərzadə və Sevda Yahyayeva üçün də klip çəkib.
Təqdimat mərasimində iştirak etmək üçün rejissor və layihədə Nura ilə birlikdə baş rolu canlandıran məşhur aktyor Zurab İnqorokva birbaşa Tiflisdən Bakıya gəliblər. Nura Suri mərasimə kiçik oğlu David ilə birlikdə qatılıb. "Mənim ən dəyərli brilliantlarım övladlarımdır".
Möhtəşəm təqdimat mərasimində şou biznesin bir çox müğənniləri, aparıcılar və DJ-lər iştirak ediblər, onların sırasında Elnur Məmmədov, Sevda Yahyayeva, Cavid Gül, Çingiz Mustafayev, Murad Dadaşov, Azər Şirin, Elnarə Xəlilova, Günay İbrahimli, Abbas Bağırov, DJ Çina və digərlərini sadalamaq olar. Diqqət çəkən məqamlardan biri isə klipin adına uyğun olaraq məkanda yerləşən stolların büllur qaşlarla bəzədilməsi olub.
İfaçının obrazı üzərində stilisti Syama Rəsulova işləyib. Nura klipdə bir çox məşhur Hollivud filmlərindən olan 4 ulduzun obrazını canlandırıb. Bunlar Merilin Monro, Ordi Hepbern, Ketrin Zeta Cons və "Bonni və Klayd" filmindən olan Fey Danaueydir. Klipin sonunda isə məlum olub ki, bunlar hamısı Azərbaycanda yaşayan və dovğa pişirən bir evdar xanımın xəyallarıdır.
"Bütün qızlar uşaqlıq vaxtlarından arzulayırlar ki, məşhur aktrisalara, müğənnilərə oxşasınlar. Hətta böyüdükdən sonra da o xəyallarla yaşadığımıza görə istəyirik ki, yanımızda gözəl görünüşlü, supermen bir bəy olsun. Əslində amma bu arzular tamam tərsinə olur" - deyərək qonaqların gülüşləri altında Nura fikirlərini bildirib.
Sənətçinin klipində Gürcüstan Dövlət Musiqi və Dram Teatrının aktyorları çəkilib. Nuranın tərəf müqabilini bildirib ki, onu Azərbaycana xüsusi bir sevgi bağlayır. O, 2009-cu ildə "Qarabağda gəzinti” adlı filmdə baş rolu canlandırıb. Cazibədar müğənni müsahibəsi zamanı klipin maddiyat tərəfini açıqlamaq istəməsə də, bunun onun ən bahalı işi olduğunu söyləyib: "Qiymətin açıqlamaq istəmirəm. Bir onu deyə bilərəm ki, çox bahalı klip alındı".