Fevralın 1-də Qafqaz Müsəlmanları İdarəsinin Salyan və ətraf 6 rayon üzrə nahiyə qazısı Hacı Hüsnü Həsənovun evi qarət edilib.
Virtualaz.org saytının Salyandakı mənbələrdən əldə etdiyi xəbərə görə, oğru və ya oğrular nüfuzlu din xadiminin rayonun Qarabağlı kəndindəki evindən 100 min manatdan çox nağd pul, külli miqdarda qızıl-zinət əşyaları, habelə müvafiq lisenziyaya malik "Vinçester” markalı bir ədəd ov tüfəngi aparıb.
Oğrular (və ya oğru) Hacı Hüsnü Həsənovun ailə üzvləri ilə birlikdə İranda səfərdə olmasından istifadə edərək sahibsiz mənzilə daxil olublar. H.Həsənov qonşu ölkəyə müalicə məqsədi ilə gedibmiş.
Məlumatda o da deyilir ki, oğurluq faktı ilə əlaqədar Salyan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
H.Həsənovun imkanlı şəxs olduğu, həmin pulları halal zəhmətlə qazandığı deyilir. Belə ki, din xadiminin həm də fermer təsərrüfatı, istixanası var, o, əsasən tərəvəzçiliklə məşğul olur. O da bildirilir ki, H.Həsənovun Rusiyada yaşayan digər qardaşı Adəm Həsənov da bizneslə məşğuldur. Başqa bir qardaşı Knyaz Həsənov isə bir vaxtlar Salyan RPŞ-də rəis müavini olub, hazırda Masallı RPŞ-də çalışır.
Virtualaz.org saytı bu xəbərə aydınlıq gətirmək üçün Salyan Rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb. Şöbədən bu barədə heç bir əlavə məlumat vermək istəmədilər: "Bu haqda heç bir məlumat verə bilmərik”..