“Ölkə Prezidenti cənab İlham Əliyev 2020-ci il noyabrın 8-də xalqa müraciətində demişdi ki, biz Şuşanı dirçəldəcəyik. Bu gün, həmin tarixi müraciətdən cəmi dörd il sonra artıq bütün dünya dirçələn Şuşanı görür. May ayının 10-da, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada bu şəhərə ilk qayıdan sakinlərə onlar üçün yeni tikilmiş mənzillərinin açarlarını təqdim etdilər. Bu münasibətlə sakinlərlə keçirdiyi görüşdə çıxış edən dövlət başçısı bildirdi ki, bu gün Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. Ulu Öndərin doğum günündə artıq üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Bütün binalar gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Sakinlər üçün həqiqətən də çox gözəl şərait yaradılıb və cənab Prezidentin dediyi kimi, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar.”
Bu sözləri Yenizaman.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Daha sonra deputat 2020-ci ildə Vətən müharibəsinin başlanmasının tarixi zərurət olduğunu vurğulayıb: “Otuz ilə yaxın müddət ərzində davam edən erməni işğalı dövründə Azərbaycan bu münaqişənin məhz sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanlardan istifadə etdi. Uzun illər ərzində cənab Prezident İlham Əliyev bu məqsədlə şəxsən özü ciddi səylər göstərdi, yüzlərlə görüş və danışıqlarda iştirak etdi. Lakin bütün bunların heç bir nəticəsi olmadı. Ölkəmiz sadəcə məqsədsiz danışıqlara cəlb edildi, xalqımıza yalançı vədlər verildi. Amma Azərbaycan nə bu vədlərə aldanmadı, nə də işğal faktı ilə barışmadı. 30 il ərzində beynəlxalq riyakarlığın ən bariz təzahürləri ilə üz-üzə qalması nəticə etibarı ilə ölkəmizə öz torpaqlarını müharibə yolu ilə azad etməkdən başqa bir seçim buraxmadı. Zamanı gəlib çatdıqda bütün dünya kimin kim olduğunu gördü, xalqımızın, dövlətimizin öz haqqını heç kimsədə qoymayacaq gücə-qüdrətə sahib olduğunun şahidi oldu. 2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısını almaq və Vətən torpaqlarını işğaldan azad etmək məqsədilə Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları tez bir zamanda geniş miqyas alaraq Vətən müharibəsinə çevrildi. Azərbaycanın Vətən müharibəsində qalib gələcəyi qaçınılmaz idi. Bununla belə məhz Şuşanın azad olunması hərbi əməliyyatların Azərbaycan üçün ən əlverişli şərtlərlə başa çatmasını təmin etdi. 2020-ci ilin 8 noyabrında Şanlı Ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı indiyədək hərb tarixində misli görünməmiş əməliyyat keçirməklə düşməndən azad etdilər. Bu parlaq qələbədən dərhal sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsi və strateji əhəmiyyətli yüksəkliklə ildırım sürətilə azad olundu. Bundan cəmi bir gün sonra Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan faktiki olaraq kapitulyasiya aktına imza ataraq təslim oldu.”
Fikirlərini davam etdirən N.Aslanov həmçinin II Qarabağ savaşında Azərbaycanın qələbəsini şərtləndirən amillərdən bəhs edərək bunları deyib: “Hərbi əməliyyatların başlandığı ana Azərbaycan istər hərbi potensialına, istər iqtisadi gücünə, istərsə də ölkədə hökm sürən ictimai-siyasi şəraitin əlverişliliyinə görə Ermənistanı qat-qat üstələyirdi. Bu da Azərbaycan Prezidentinin müdrik uzaqgörənliklə həmin ana qədər ötən 17 il ərzində həyata keçirdiyi əhatəli və effektiv hazırlıq işlərinin nəticəsi idi. 2003-2020-ci illər arasında cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm hazırlıq dövrünü keçmiş və artıq nəinki Ermənistanın, istənilən aqressorun qarşısına çıxmaq və onu yerinə oturtmaq gücünə sahib olmuşdu. Həmin dövrdə görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. Bütün bunlarla yanaşı isə münaqişənin həlli üçün ən mühüm olan sahədə, ordu quruculuğunda möhtəşəm hazırlıq işləri həyata keçirildi. Sonda bütün bu hazırlıqlar sayəsində bizim qürur mənbəyimiz, Vətən müharibəsində tarixi Qələbəmiz əldə olundu. İstər II Qarabağ müharibəsində, istərsə də keçən ilin sentyabr ayının 19-da apardığı antiterror əməliyyatının gedişində özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan bir daha sübut etdi ki, dünyada heç bir güc ölkəmizi, xalqımızı və dövlətimizi təhdid edə bilməz” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
.