“Azərbaycan və Pakistan, münasibətləri qədim tarixi bağlara dayanan dost və qardaş ölkəlrdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin iyul ayının 11-12-də Pakistanda rəsmi dövlət səfərində olması iki ölkə arasında əlaqələrin inkişafına yeni təkan verəcək. Artıq xəbər verildiyi kimi, cənab Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin keçirdikləri həm təkbətək, həm də geniş tərkibli görüşlər zamanı ikitərəfli münasibətlərin gündəliyi o cümlədən ticarət və iqtisadi əməkdaşlıq, enerji, daşımalar, müdafiə sənayesinə aid mühüm məsələlər ətraflı müzakirə olunub. Keçirilən görüşlərdən sonra mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, tezliklə müxtəlif sahələr üzrə yeni əməkdaşlıq proqramları işlənib hazırlanacaq və bu, ölkələrimiz arasında tərəfdaşlığı daha da gücləndirəcək.”
Bu sözləri Yenizaman.az-a verdiyi açıqlamasında VI çağırış Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Fikirlərini davam etdirən müsahibimiz daha sonra bildirib ki, ölkələrimizin ərazi bütövlüyü və suverenliyi məsələsində bir-birilərinə verdikləri qarşılıqlı dəstək Azərbaycan-Pakistan münasibətlərinin formalaşmasına güclü təsir göstərmiş ən mühüm amillərdəndir: “Azərbaycan ilə Pakistan arasında mövcud münasibətlərin tarixindən danışarkən əlbəttə ki, mədəni və dini aspektlərlərlə yanaşı, həm də siyasi əlaqələrin tarixini qeyd etmək lazımdır. Xatırlamaq yerinə düşər ki, 1993-cü il aprelin 30-da keçmiş Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa məhz Pakistan sədrlik edib. 1996-cı ildə Ulu Öndər Heydər Əliyev Pakistanda rəsmi səfərdə olmuşdu ki, bu da iki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan vermişdi. Səfər zamanı Azərbaycan və Pakistan Prezidentləri Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-brilərini dəstəklədiklərini bəyan etmişdilər. Həmçinin Prezident Heydər Əliyev Pakistanın Baş naziri Bənazir Bhutto ilə keçirilmiş birgə mətbuat konfransında ıxış edərək belə demişdi: “Kəşmir problemi ilə əlaqədar Azərbaycan həmişə Pakistanın mövqeyini dəstəkləyib və bu gün də dəstəkləyir. Bu məsələ Kasablankada İslam Konfransı Təşkilatının toplantısında müzakirə olunarkən cürbəcür fikirlər vardı, ancaq Azərbaycan nümayəndə heyəti və şəxsən mən, Azərbaycan Prezidenti Pakistanın mövqeyini nəinki müdafiə etdik, hətta Kəşmir problemi ilə əlaqədar Hindistanın pislənməsi və Pakistanın dəstəklənməsi haqqında qətnamənin qəbul olunmasında müəllif kimi iştirak etdik”. Bu gün Azərbaycan artıq özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Pakistanın isə bu məsələlərlə bağlı problemi hələ də öz həllini gözləyir. Əlbəttə ki, bu vəziyyət ölkəmizin prinsipial mövqeyinə qətiyyən heç bir təsir göstərə bilməz. Bu məqam öz əksini cənab Prezident İlham Əliyevin çıxışında da öz əksini aydın şəkildə tapıb: “Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq”. Qeyd edək ki, iyulun 12-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü zamanı da ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
.