
“Cənab Prezident İlham Əliyevin 30 sentyabr tarixli bəyanatı Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin həm institusional səviyyədə, həm də şəxsi formatda inkişaf etdiyini açıq şəkildə nümayiş etdirir. Xüsusilə iki strateji tərəfdaşlıq sənədinin – 2015 və 2020-ci illərdə imzalanmış bəyannamələrin uğurla həyata keçirilməsi siyasi iradənin uzunmüddətli və səmərəli tərəfdaşlığa kökləndiyini göstərir.”
Bu fikirləri Yenizaman.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.
Millət vəkili fikirlərini davam etdirərək İtaliya-Azərbaycan Universitetinin yaradılmasının əhəmiyyətini xüsusi qeyd edib: “Bəyanatda vurğulanan ən vacib məqamlardan biri münasibətlərin yalnız iqtisadi və enerji sahəsi ilə məhdudlaşmamasıdır. Cənab Prezident öz çıxışında humanitar əməkdaşlıq, xüsusilə təhsil sahəsindəki irəliləyişlərə də toxunur. Bu baxımdan İtaliya-Azərbaycan Universitetinin yaradılması iki ölkə arasında yeni nəsil münasibətlər üçün mühüm platformadır. Burada təhsil alan tələbələr qarşılıqlı mədəni tanıtım və diplomatik əlaqələrin “yumşaq güc” aspektinin daşıyıcıları olacaqlar.”
Sonda deputat Avropa İttifaqı-Azərbaycan münasibətlərinin inkişafına İtaliyanın əhəmiyyətli töhfələr verdiyini diqqətə çatdırıb: “Dövlət başçımızın bəyanatında Avropa İttifaqı-Azərbaycan münasibətlərinə dair maraqlı məqamlar yer alıb. Ölkəmizin Avropa İttifaqı ilə münasibətlərində İtaliyanın oynadığı rola diqqət çəkilməsi, İtaliyanın yalnız ikitərəfli deyil, çoxtərəfli diplomatiyada da vacib aktor olduğunu göstərir. Cənab Prezident İlham Əliyevin öz bəyanatında səsləndirdiyi fikirlər bunu deməyə əsas verir ki, Azərbaycan diplomatiyası artıq sadəcə neft-qaz ixracatçısı imicindən çıxaraq, siyasi, humanitar və mədəni tərəfdaşlıq axtaran balanslı xarici siyasət kursu yürüdür. Bu isə regional güc olaraq Azərbaycanın beynəlxalq sistemdə artan çəkisini göstərir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.