Noyabrın 15-dən rus dilində nəşr edilən "Novoye vremya” müstəqil ictimai-siyasi qəzetinin yeni on-line versiyası buraxılıb - www.novoye-vremya.com. Qəzet oxucuların qarşısına təkcə yenilənmiş, xeyli yaxşılaşdırılmış dizayn ilə deyil, həm də Azərbaycan dilində versiya ilə çıxıb.
Qəzetin yeni on-line variantı test rejimində noyabrın 1-dən fəaliyyətə başlamışdı və təkmilləşdikdən sonra cümə günündən daimi rejimdə fəaliyyətə başlayıb.
Bundan sonra İnternet istifadəçiləri hər iki dildə ölkə və dünya üzrə aktual mövzular barədə məlumat alacaqlar.
"Qəzetimiz 1999-cu ilin oktyabrından çıxır. İlkin olaraq Azərbaycan və rus dillərində "Yeni zaman” və "Novoye vremya” kimi nəşr olunurduq. Lakin 2004-cü ildən maliyyə problemləri ilə əlaqədar "Yeni zaman” qəzetinin çapını dayandırmalı olduq. Hazırda qəzet on-line versiyasında Azərbaycan dilində oxuculara qayıdır. Perspektivdə ingilis dilində də on-line versiyanın buraxılışını planlaşdırılır”, - qəzetin baş redaktoru Şakir Qabiloğlu Turan-n müxbiri ilə söhbətində bildirib.
"Novoye vremya” qəzeti Azərbaycanda çox az sayda rus dilində dərc edilən, ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən hadisələri obyektiv işıqlandıran müstəqil qəzetlərdən biridir. Qəzet həftədə 5 dəfə çıxır.
.