Ötən il  neft hasilatının azaltmaq üzrə "OPEC+" ölkələrinin razılaşması qlobal enerji sənayesini çöküşdən qurtarıb.

Rusiya mətbuatı verdiyi məlumata görə, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak söyləyib.

Onun sözlərinə görə, razılaşma neft qiymətlərinin mənfi göstəricilərədək enməsinin də qarşısını alıb.

Qeyd etmək lazımdır ki,  OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 mln. barel azaldılması və "OPEC+" nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsi ilə gündəlik hasilatda artımın 0,5 mln. bareldən çox olmaması şərti ilə aylıq tənzimlənməsi barədə qərar qəbul edilib. Bu qərarı Azərbaycan da dəstəkləyib.

Beləliklə, yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4,564 mln. barel, qeyri-OPEC ölkələri isə 2,636 mln. barel azaldacaq. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq, 2021-ci ilin yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barel olacaq. Yəni, yanvarda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barel artıraraq, istehsalı 595 min barel səviyyəsində saxlamalıdır.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma öhdəliklərin 2021-ci ilin yanvarından 2022-ci ilin aprel ayının sonunadək 1,9 mln. barel yumşaldılmasını, yəni, ümumilikdə gündəlik xam neft hasilatının 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

.