İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Zaqatala rayonunda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir.

Yenizaman agentliyə istinadən xəbər verir ki, yarmarkada Zaqatala və ətraf bölgələrdən olan 30-a yaxın KOB subyekti öz məhsullarını nümayiş etdirir və satır.

Əsasən kənd təsərrüfatı və sənaye məhsulları, bal və arıçılıq məhsulları, qurudulmuş meyvələr, çərəzlər, konservlər, suvenirlər, müxtəlif əl işləri, xalça, dəri üzərində tikmələr, taxta üzərində oyma işləri və digər müxtəlif məhsullar təqdim olunur.

Tədbirin açılış mərasimində çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov belə tədbirlərin bölgədə fəaliyyət göstərən KOB-ların məhsul və xidmətlərinin tanıdılması, satış imkanlarının genişləndirilməsi, mikro və kiçik sahibkarlıq subyektləri arasında əlaqələrin qurulması baxımından əhəmiyyətini vurğulayıblar.

“KOB FEST” çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunub. Sərgi-satış yarmarkası Mədəniyyət evinin qarşısında oktyabrın 13-nə qədər hər gün saat 10:00-dan 18:00-a qədər fəaliyyət göstərəcək.

“KOB FEST” sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması və satışına dəstək məqsədi daşıyır. Bu tədbir KOB subyektlərinə yeni əməkdaşlıqlar qurmaq, B2B görüşlər keçirmək və satış bacarıqlarını inkişaf etdirmək imkanı da yaradır. Bundan əvvəl “KOB FEST” Bakı, Göygöl, Şəki, Gəncə, Masallı və Naxçıvan şəhərlərində keçirilib. Ümumilikdə bu yarmarkalar çərçivəsində 300-ə yaxın KOB subyektinin məhsul və xidmətlərinin satışına dəstək göstərilib.

.