Norveçin "Statoil” şirkəti Azərbaycanın Xəzərdəki "Şahdəniz” qaz yatağı layihəsindəki payının qalan hissəsini də sataraq bu layihəni bütünlüklə tərk etmək qərarı verib.
Yenizaman.az şirkətdən yayılan açıqlamaya istinadən xəbər verir ki, "Statoil” konserni "Şahdəniz”də qalan 15.5 faizlik payını Malayziyanın "Petronas” şirkətinə satmaq barədə sövdələşmə əldə edib. Sövdələşmənin həcmi 2.25 milyard dollar təşkil edir. Bundan əvvəl "Statoil” şirkəti "Şahdəniz”dəki payının 10 faizini ARDNŞ-ə və BP-yə sataraq Avropanın alternativ qaz təchizatı mənbəyi olan bu layihədəki iştirakını azaltmışdı.
Bildirilir ki, "Statoil” şirkəti ilə "Petronas” arasında sövdələşmə rəsmən 2015-ci ilin əvvəlində imzalanacaq. Şirkət həmçinin Cənub Qaz Dəhlizi layihəsini də tərk edir və bu layihədəki 15.5 faizlik payını "Petronas”a satır. Şirkət "Şahdəniz”i və Cənub qaz dəhlizi layihəsini tərk etsə də bildirir ki, Azərbaycanda fəaliyyətini davam etdirəcək. "Azərbaycan bizim portfelimizdə əvvəlki kimi əhəmiyyətli rol oynamaqdadır” deyə "Statoil” bildirir.
Xatırladaq ki, sentyabrın 11-də Malayziyanın baş naziri Najib Tun Abdul Razaki Bakıya səfər edib və indi belə məlum olur ki, həmin səfər məhz "Statol” şirkətinin "Şahdəniz”dəki payının "Petronas”a satılması məsələsi ilə bağlı olub. Bundan əvvəl Fransanın "Total” şirkəti də "Şahdəniz”dən və TAP kəməri layihəsindən çıxıb. Avropa şirkətləri investisiya xərclərinin həddən artıq yüksək olduğunu və riskləri nəzərə alaraq bu layihəni tərk edirlər.
.