"Dəhşətli hadisələrin unudulması daha dəhşətli hadisələrin meydana gəlməsinə səbəb olur”.
Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Nobel mükafatı laureatı, iranlı hüquq müdafiəçisi Şirin Əbadi deyib.
"Nobel qadınları”nın İstanbul bəyannaməsinin imza mərasimindən sonra ABŞ-dan olan Nobel mükafatı laureatı July Williams və yəmənli Nobel mükafatı laureatı Tawakkol Karman ilə müştərək mətbuat konfransı keçirən Şirin Əbadi APA-nın "23 il əvvəl bu gün erməni silahlı qüvvələri Azərbaycanın Xocalı qəsəbəsinə hücum edərək 83-ü uşaq, 106-sı qadın olmaqla 613 Azərbaycanlını soyqırıma məruz qoyub. Bundan sonrakı fəaliyyətinizdə Xocalı soyqırımını daim gündəminizdə saxlamağı düşünürsünüzmü?” sualına Şirin Əbadi belə cavab verib: "Sizin verdiyiniz örnəkdən başqa, İranda, Orta Şərq ölkələrində, Qafqazda xeyli dəhşətli örnəklər var. Dinc insanların üzərinə ağır silahlarla hücum edib uşaqları, qadınları, yaşlıları qətlə yetirmək bəşəriyyətə qarşı həyata keçirilmiş suçdur ki, bunun qarşısının mütləq şəkildə alınması lazımdır. Əsas məsələ dinc əhaliyə qarşı həyata keçirilən bu cür dəhşətli hücumların unudulmaması və unutdurulmamasıdır”.
Ş.Əbadi bu faciəni həmişə gündəmdə saxlayacaqlarını vurğulayıb: "Eyni zamanda buradan mediaya müraciət edib deyirəm ki, siz də bu dəhşətli faciəni daim gündəmdə saxlayın. İkincisi, biz hamılıqla beynəlxalq ictimaiyyətin diqqətini bu cür faciələrə yönəltməli, onları daim məlumatlandırmalıyıq. Dövlətlər həm öz vətəndaşlarına, həm də başqa ölkələrin vətəndaşlarına qarşı son dərəcə diqqətli və insan hüquqlarına sayğılı şəkildə davranmalıdırlar. Media nümayəndələrindən bir daha xahiş edirəm ki, bu cür dəhşətli faciələri həmişə gündəmdə saxlasınlar. Çünki Xocalı soyqırımı kimi faciələrin unudulması və unutdurulması daha dəhşətli faciələrə səbəb olacaq”.
Qeyd edək ki, Şirin Əbadi 2003-cü ildə Nobel sülh mükafatına layiq görülüb..