Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin təşkilatçılığı ilə 2021-ci il - “Nizami Gəncəvi ili”nin yekunu olaraq “Nizami Gəncəvi – 880, həyatı, dövrü, yaradıcılığı testlərdə” və “Nizami Gəncəvi 880 – Çağırış ili” adlı kitablar çap olunub. 
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynovanın redaktorluğu və dəstəyi ilə çap olunmuş hər iki kitabda qüdrətli söz ustadının həyat və fəaliyyəti haqqında məlumat verilib, görkəmli mütəfəkkirin əsərləri yer alıb.
“Nizami Gəncəvi 880 – Çağırış ili” adlı kitabda daha şairin yaradıcılığı ilə yanaşı, fakültə əməkdaşlarının “Nizami Gəncəvi ili” çərçivəsində həyata keçirtdikləri tədbirlər, beynəlxalq konfranslarda və simpoziumlarda çıxışları, məqalələri öz əksini tapıb. 
Tərtibçilər Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nazilə Abdullazadə və pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Rəsulovanın müəllifi olduqları “Nizami Gəncəvi – 880, həyatı, dövrü, yaradıcılığı testlərdə” adlı kitab ensiklopedik şəxsiyyət olan Nizaminin elmi dünyagörüşünə həsr olunub. Kitabın tərtibçilərindən olan Nazilə Abdullazadənin “Nizami Gəncəvi ili” çərçivəsində Bakı, Stokholm, Kiyev, Kipr, İsveçdə çap olunan “Nizami irsi Bertelsin araşdırmalarında”, “Nizami Gəncəvinin yaradıcılığında lirik ricətlər: ilin fəsillərinin təsviri”, “Nizami Gəncəvi yaradıcılığının tədrisi tarixi”, “Nizami Gəncəvi yaradıcılığında uşaq ədəbiyyatı nümunələrinin tədrisi tarixi” adlı məqalələri də kitabda öz əksini tapıb. 
Xatırladaq ki, Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib.

.