Noyabrın 19-da Nizami Rayon İcra Hakimiyyəti və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə qəzet redaktorlarının rayon ictimaiyyəti ilə növbəti görüşü keçirildi. Görüşdə KİV rəhbərləri, Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF sədri Vüqar Səfərli, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov və rayonda yerləşən dövlət idarələrinin rəhbərləri, bələdiyyə təmsilçiləri iştirak edirdilər.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsidir.
Tədbir iştirakçılarını salamlayan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov KİV rəhbərləri ilə sayca üçüncü görüşün önəmi barədə məlumat verdi.
Çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondun icraçı direktoru Vüqar Səfərli çıxışında Fondun fəaliyyətindən söz açaraq bildirdi ki, ötən müddətdə kütləvi informasiya vasitələrinin maddi-texniki problemlərinin həllinə və inkişafına, jurnalistlərin yaradıcılığının stimullaşdırılmasına, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, sosial müdafiəsinin möhkəmləndirilməsinə, habelə beynəlxalq təcrübəni mənimsəmələrinə xidmət edən çoxsaylı layihələr icra edilib.
O bildirdi ki, fond təsis olunduğu gündən müstəqil qəzetlərə maliyyə yardımı etməyə başlayıb və bu yardım hər il artan templə davam edir: " Jurnalist peşəkarlığının artırılması istiqamətində işlər görülür. Fondun son illərdə həyata keçirdiyi mühüm layihələrdən biri də kütləvi informasiya vasitələri ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin inkişaf etdirilməsidir”.
Növbəti çıxışçı Əflatun Amaşov KİV rəhbərləri ilə yerli icra hakimiyyəti orqanlarının görüşünün çox böyük əhəmiyyət daşıdığını vurğuladı: "Bu görüş KİV-lərlə yerli icra hakimiyyəti orqanlarının münasibətinin daha da yaxşılaşdırılması istiqamətində görülən bir işdir. Məmurlarla qəzetçilər, xəbər saytı rəhbərləri birgə müzakirə apararaq bir-biriləri ilə yaxın münasibət qururlar. Bunun da çox böyük müsbət nəticəsi olur”.
Nizami Rayon İcra hakimiyyətinin başçısı Tahir Budaqov rayonda görülən işlər və problemlər barədə ətraflı danışdı. O vurğuladı ki, rəhbərlik etdiyi rayon Bakının gənc rayonlarındandır: "Ölkədəki dinamik sosial-iqtisadi inkişaf Nizami rayonundan da yan keçməyib. Ərazisi 19,6 min kvadrat metr olan rayonda son illərdə bir sıra sənaye müəssisələri yaradılıb. Eyni zamanda son illər aparılan işlərin nəticəsi olaraq rayonda bəzi problemləri aradan qaldırmaq mümkün olub. Su-kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Rayon əhalisinin qaz və elektrik təchizatı xeyli yaxşılaşdırılıb. Poçt və rabitə xidməti sahəsində demək olar ki, problemlər aradan qaldırılıb. Səhiyyə və Təhsil sahəsində də xeyli irəliləyişlər mövcuddur. Rayon ərazisində tıxacların aradan qaldırılması, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də işlər görülür. Hazırda rayon ərazisindəki, parklarda abadlaşdırılması işləri aparılır”.
Çıxışçılardan biri olaraq "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu qeyd etdi ki, mətbuat ölkədəki problemləri göstərməklə yanaşı yerli icra orqanları ilə ona oxucu qismində xitab edən problemli vətəndaşların arasında vasitəçi rolunu da oynamağa başlayıb: "Bu sarıdan tənqidi medianın xidmətləri əvəzolunmazdır. İnsanlar şikayətlərini bizə edirlər. Bilirlər ki, prezident və məmurlar da bu qəzeti oxuyur. 5 ilə yaxındır ki, rəhbərlik etdiyim qəzet bu rayonda yerləşir. Eyni zamanda mən bu rayonda böyük seçki kampaniyası keçirmişəm. Problemləri və imkanları yaxşı bilirəm. Redaksiyamıza şikayət üçün gələn vətəndaşların problemlərinin çoxunu mətbuata çıxarmadan icra hakimiyyətinin müvafiq bölümlərinə çatdırırıq, bəzən də onların həlli ilə bağlı prosesə nəzarət edirik. Müşahidəmiz budur ki, başçı Tahir Budaqov və onun komandası ictimai və mətbu rəyi nəzərə alaraq, işləyir”.
Daha sonra digər KİV rəhbərləri danışdılar, müzakirələr aparıldı.
Tədbirin sonunda KİVDF sədri Vüqar Səfərli Fondun Nizami Rayon İcra Hakimiyyəti ilə birgə razılıq əsasında "Nizami rayonunun sosial-iqtisadi inkişafı: mövcud vəziyyət və perspektivlər ” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirəcəyini bəyan etdi.
