Azərbaycan Prezidenti İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdə iştirakı dövlətimizin və regionun gələcəyi ilə bağlı baxışların dünyaya çatdırılması baxımından mühüm hadisə idi. Konfransın iştirakçılarının suallarının cənab Prezident İlham Əliyev tərəfindən dolğun cavablandırılması Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi prizmasından çox uğurlu oldu. Eyni zamanda, dünya ictimaiyyətinə də olduqca mühüm mesajlar çatdırıldı, Azərbaycanın birmənalı mövqeyi yenidən ortaya qoyuldu, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi.
Videokonfransda İlham Əliyev bir daha dünyaya bəyan etdi ki, Azərbaycan sülhün, əmin-amanlığın tərəfindədir. Nəqliyyat və kommunikasiyaların açılması, qarşılıqlı dialoq, etimad mühitinin formalaşması regionda yeni inkişaf mərhələsinin vacib şərtlərinə çevrilməkdədir. Ancaq Ermənistan ötən il noyabrın 10-da imzalanmış birgə Bəyanatın bütün bəndlərində göstərilən tələbləri yerinə yetirməsə, vəziyyət dəyişə bilər. Bu isə yalnız Ermənistanın düşdüyü acınacaqlı durumu daha da ağırlaşdıracaq. Ona görə də, Ermənistanın siyasi elitası daha çox mövcud şərtlər daxilində gələcəyə baxmalıdır, anti-türk, anti-azərbaycan stereotiplərilə yaşamamalıdır. Belə olan vəziyyətdə Ermənistan yeni situasiyanı, real imkanları, qüvvələr nisbətini düzgün qiymətləndirməlidir.

Konfransda əsas mövzulardan biri də Zəngəzur dəhlizinin açılması idi. Çünki o dəhliz fəaliyyət göstərərsə, Azərbaycan iqtisadiyyatı üçün, Azərbaycanın regionda söz sahibi olması üçün çox münbit şərait yaranacaq. Zəngəzurdan keçən nəqliyyat,kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Ümumilikdə, Zəngəzur dəhlizi türk dünyasının inkişafına yeni nəfəs verəcək. Bu dəhliz həmçinin, Qərbdən Şərqə uzanan ticarət yolunun mayakına çevriləcək. Bu səbəbdən də, Zəngəzur dəhlizi Azərbaycanın milli maraqlarına tam cavab verir.

10 noyabr Bəyanatının 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Bəyanatın bu bəndi Zəngəzur dəhlizinin reallaşması istiqamətində Azərbaycan üçün hüquqi zəmin yaradır. Yəni Ermənistan bu dəhlizin açılması üçün üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Əgər bu, baş verməsə, Azərbaycan yenə güc tətbiq edəcək. Zəngilanı Naxçıvanla birləşdirəcək 40 kilometrlik Zəngəzur dəhlizi mütləq açılacaq. Zəngəzur dəhlizinin açılması ilə illərlə blokada şəraitində qalan Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təmin olunacaq. Bütün maneə cəhdlərinə baxmayaraq, Zəngilan-Ordubad dəmir yolu xətti və bütövlükdə, Zəngəzur dəhlizinin açılması üçün real zəmin formalaşıb.

Bu gün regionda uzunmüddətli sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunması üçün real şərait yaranıb və Azərbaycan bu prosesə tam hazırdır. Azərbaycan faktiki olaraq geosiyasi aspektdə konfrontasiya xəttini sındıraraq, yeni əməkdaşlıq yolu açıb. Bununla yeni geosiyasi reallığın mərkəzi punktunu əməkdaşlıq və təhlükəsizlik təşkil edir. Bu iki faktoru birləşdirən mexanizm isə dialoqdur. Dialoq İlham Əliyevin mövqeyinə görə yeni regional əməkdaşlıq formatını reallaşdırmağa imkan yaradacaq.

İlham Əliyevin dediyi kimi, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Ermənistanın revanşist əhvali-ruhiyyəli davranış tərzi isə yalnız onların özünə ziyan verəcək. Dəmir yumruq hər zaman Ermənistanın başı üzərindədir, hər an düşməni əzməyə hazırdır. Bir sözlə, həm Ermənistan, həm də onlara yüzillər boyu havadarlıq edənlər bilməlidirlər ki, Azərbaycanla təhdid dilində danışmaq mümkün deyil. Azərbaycan öz haqqı olanı alıb və bundan sonra da alacaq.

Anar MƏMMƏDOV
Milli Məclisin deputatı
.