Çərşənbə axşamı Ağır Cinayətlərə dair İşlər üzrə Bakı məhkəməsində Cavid Hüseynovun sədrliyi ilə NİDA vətəndaş hərəkatının və "Azad Gənclik” təşkilatının üzvlərinin işi üzrə proses başlayıb.
Turan-ın müxbirinin verdiyi məlumata görə, məhkəmə binası polis əməkdaşları tərəfindən əhatə olunub. Binanın qarşısında 4 postpatrul xidməti maşını, binanın arxasında isə 10 maşın dayanıb. Bina önündə 100-ə yaxın vətəndaş toplaşıb və prosesin başlamasını gözləyir.
Xatırladaq ki, məhkəməyə bu ilin mart-aprel aylarında həbs olunmuş NİDA üzvləri – Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov və Zaur Qurbanlı çıxarılıb. Onlar Bakıda 10 mart etiraz aksiyası zamanı kütləvi iğtişaşlar hazırlamaqda ittiham olunurlar. İlkin olaraq gənclər qanunsuz silah və narkotik saxlamaqda ittiham olunublar.
Mayda "Azad Gənclik” hərəkatından İlkin Rüstəmzadə xuliqanlıq ittihamı ilə həbs edilib.
Lakin sonradan onların hamısına qarşı 220.1-ci (kütləvi iğtişaşların təşkili) maddə ilə ittiham irəli sürülüb. Onlar 12 ilədək azadlıqdan məhrum edilə bilər.
Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı bütün həbs edilmiş gəncləri vicdan məhbusu kimi tanıyıb.





.