Braziliyanın “Santos” klubunun yeni hücumçusu Neymar 10 nömrə altında çıxış edəcəyini bildirib.

Bu barədə Yenizaman yerli mətbuata istinadən xəbər verir.

“Kral Pele, sizin istəkləriniz mənim üçün əmrlərir. Taxt və tac həmişə sənin olacaq. Çünki sən əbədisən. Amma 10 nömrə. “Santos” və dünya üçün çox şey ifadə edən müqəddəs köynəyi geyinmək şərəf olacaq. Mən sizin əfsanəni anmaq üçün mümkün olan hər şeyi etməyə söz verirəm kral Pele”, - Neymar Braziliya klubunun mətbuat xidməti tərəfindən yayımlanan videoda deyib.

Xatırladaq ki, əfsanəvi Pele də bir vaxtlar “Santos”da bu nömrə altında oynayıb.

Neymar 2009-2013-cü illərdə də "Santos"un heyətində çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 225 matçda iştirak edib, 136 qol vurub və 64 məhsuldar ötürmə edib. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Neymar karyerasını "Santos"da davam etdirəcək. Braziliyalı futbolçu 2024-cü ildə zədə səbəbindən “Əl-Hilal”da cəmi iki oyuna çıxıb və 42 dəqiqə meydanda olub. Bununla yanaşı, hücumçunun illik qazancı 101 milyon avro təşkil edib.

.