"Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində (NQÇİ) baş verən qəzalardan sonra orada çalışan işçilər məcburi məzuniyyətə göndərilir.
Bunu virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev bildirib.
A.Quliyevin sözlərinə görə, bununla bağlı təşkilata müraciətlər daxil olub: "Bizə müraciət edənlər bildirirlər ki, rəhbərlik onlara məzuniyyətə çıxmaları haqqında şifahi göstəriş verib. İşçilərə deyirlər ki, təkrar qəzaların baş vermə ehtimalı var, buna görə də onlar məzuniyyətə çıxmalıdırlar”.
Hüquqşünas dedi ki, idarədə ixtisarlara başlanılıb: "İşçilərə ixtisarlarla bağlı məlumat verilib. Lakin hələlik rəsmi bildirişlər təqdim edilməyib. Nərimanov NQÇİ-də infrastruktur tam köhnəlib, artıq istismar müddətini başa vurub. Buna görə də idarənin bazasında əməliyyat şirkətinin yaradılacağı ilə bağlı ehtimallar irəli sürülür. "Binəqədioil”, "Suraxanıoil”, "Balaxanıoil”dan sonra quruda da əməliyyat şirkətlərinin yaradılmasına başlanıla bilər”.
Qeyd edək ki, bu il "Nərimanov” NQÇİ-də 4 qəza baş verib, nəticədə 6 neftçi dünyasını dəyişib.
Hüquqşünas onu da qeyd etdi ki, bu ilin son ayında ARDNŞ-in idarə və müəssisələrində çalışanlara ixtisarlarla bağlı son xəbərdarlıqlar edilib: "Təşkilatımıza daxil olan məlumatda deyilir ki, artıq Dövlət Neft Şirkətinin əksər müəssisələrində, xüsusilə də "Neftqaztikinti”, "Azərneftyağ”, "Nərimanov” NQÇİ, "Azəriqaz”, şirkətin Geologiya-Geofizika İdarəsində ixtisarlar gedir. Amma neft sektorunda çalışanların ümumi statistikasının dəyişməməsi bizi narahat edir”.
A.Quliyev dedi ki, ixtisarlardan narazı qalanlar arasında məhkəməyə müraciət edənlər var: "Hazırda Suraxanı Rayon Məhkəməsində "Azəriqaz” İstehsalat Birliyinin Suraxanı Qaz İstismarı Sahəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin etibarsız hesab edilməsi, işə bərpa, 30.05.2014-cü il tarixdən işə bərpa olunan günə qədər məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi ilə 3 iddia ərizəsinə baxılır. Eləcə də "SOCAR CAPE” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "Normadan artıq işə görə əmək haqqının ödənilməsi barədə” iddiaya baxılıb və təmin edilib. "28 May” NQÇİ də məhkəməyə verilən qurumlar arasındadır”.
Vəkil gələn ayın ilk ongünlüyündən bildiriş alan 1000-dən çox neftçinin işsiz qalacağını qeyd etdi.
.