"Bahar Enerji”nin işçisi olan 80 nəfər əməkhaqqını ala bilmir.
Məlumata görə, onlar "Bahar Enerji”nin işçiləri olub. Sonra isə müqavilə əsasında "Petroleum Service Company"də çalışıblar. İşçilərin düzəltdiyi, dənizdə neft çıxaracaq qurğu təhvil verildikdən sonra isə onların müqavilələrinə xitam verilib. Amma ödənməli olan pulu verməyilər. İşçilər bunun şirkətlər arasındakı narazılıqdan qaynaqlandığını deyir.
Şikayətçi Mehman Namazovun sözlərinə görə, "Petroleum Service Company" möhürünü SOCAR AQŞ-yə (Abşeron Qazma Şirkəti), Ramin İsayevə həvalə verib. O da hamının əməkhaqqını ödəyəcəyinə söz versə də hələ ki, heç kimin pulunu verməyib.
Şikayətçi Fəzahil Qurbanov bildirib ki, artıq 40 ildir dənizdə işləyir. Onun iş müqaviləsinin vaxtı iyul ayından bitsə də aprel ayından bəri maaşını ala bilmir.
Şikayətçilərin sözlərinə görə, alacaqları pul 3 min manatdan 8 min manata qədərdir. Amma bu dörd ayda onlara əməkhaqqı verən yoxdur. Pulsuzluq isə neftçiləri çətin vəziyyətdə qoyur. Evlərini çörəkpulu apara bilməyən ailə başçıları çarəsiz qalıblar. Neftçilərin müraciət etmədiyi ünvan da qalmayıb. Amma dərdlərinə əlac edən yoxdur.
ANS-in müxbirləri "Bahar Enerji”də olub. Şirkətin İnsan Resursları Departamentinin rəhbəri Günay Məmmədova maaşların onların qurumlarına aidiyyətinin olmadığını və insanların pullarının onların verməyəcəklərini dedi.
SOCAR AQŞ-dən isə bildiriblər ki, şikayətçilərin onların adlarını çəkməsi əsassızdır: "Çünki bizim nə "Bahar Enerji", nə də "Petroleum Service Company" ilə heç bir əlaqəmiz yoxdur. Biz dövlət qurumuyuq və işçilərimizin də məvacibini vaxtlı-vaxtında ödəyirik”.
"Petroleum Service Company"də isə heç qapını da açan olmayıb.
Bəlkə də elə bu bağlı qapılar üzündən işçilər dörd aydır ki, maaşlarını ala bilmirlər.


.