"Qarasu OİL” əməliyyat şirkətinin mühafizəsini həyata keçirən "Titan” şirkəti 70 mühafizəçini işdən çıxardı.
Bu barədə mətbuata açıqlamasında vəkil Azər Quliyev bildirib.
A.Quliyev qeyd edib ki, "Qarasu OİL” "Titan” şirkəti ilə müqaviləni pozaraq başqa şirkətlə anlaşıb. Həmin şirkət isə "Titan” şirkətinin mühafizəçilərini işlədib: "Mühafizəçilərlə əmək müqaviləsi bağlanılmayıb. Onlar 15 gün işlədiliblər, sonra isə işdən çıxarılıblar. Hazırda 70 nəfər işsizdir”.
Vəkilin sözlərinə görə, məsələ ilə bağlı "Titan” şirkətinə rəsmi müraciət edilib: "İxtisarlar zamanı Əmək Məcəlləsinin tələblərinə riayət edilməyib. Buna görə də işçilərə məhkəməyə müraciət etməyi tövsiyə edirik”.
Qeyd edək ki, "Titan” şirkəti fəaliyyətini dayandırmayıb.
Xatırladaq ki, "Qarasu OİL” şirkəti Bakıda neft biznesinə on milyonlarla sərmayə qoymuş inquş əsilli milyarder Mixail Qutseriyevə məxsusdur.
Şirkətin işçiləri arasında da ixtisarlar aparılır. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Xəbərdə şirkətin 100-dən çox əməkdaşına ixtisarlar barədə bildiriş verildiyi bildirilir.
"Qarasu OYL” şirkətindən məsələyə münasibət bildirmək istəməyiblər.
.
