Dünya birjalarında neftin qiymətinin ucuzlaşması tendensiyası bu gün də davam edib.
Virtualaz.org saytı xəbər verir ki, neçə vaxtdır hər hərracda təxminəmn 1 dollar ucuzlaşan neft bu dəfə lap "quyunun dibinə” enib.
Nyu-York əmtəə birjasında ("New York Mercantile Exchange” - NYMEX) son hərracın yekunlarına əsasən "Light Sweet” markalı neft birdən-birə 4 dollar ucuzlaşaraq noyabr ayı üçün bağlanan müqavilələrdə 81,84 dollar təşkil edib.
Avropa elektron əmtəə birjasında (İnterContinental Exchange Futures Europe) isə daha bahalı neft olan "Brent” markalı neft 3,85 dollar ucuzlaşaraq 85,04 dollara enib.
Həmçinin London birjasında keçirilmiş son hərracın nəticələrinə əsasən keyfiyyətcə Azərbaycan neftinə yaxın olan "Brent Crude Oil” markalı neft 2,33 faiz ucuzlaşaraq 88,16 dollara enib. Bu, 2010-cu ildən bu yana ən aşağı qiymətdir.
Neftin bu cür kəskin ucuzlaşması hasilatın artması və tələbatın azalması fonunda baş verir. Beynəlxalq Energetika Agentliyinin son proqnozuna görə, dünyada neftə olan sutkalıq tələbat 1,3 milyon barreldən 700 min barrelə qədər aşağı düşüb. Agentliyin mütəxəssislərinin hesablamalarına görə, 2014-cü il ərzində dünyada neftə olan sutkalıq tələbat 92,4 milyon barrel təşkil edir.
Belə vəziyyətdə sentyabr ayında dünya bazarlarına çıxarılan neftin həcmi sutkada 910 min barrel artıb.
Ekspertlər neftin ucuzlaşmasını həmçinin dünyada o qədər də ürəkaçan olmayan iqtisadi konyunktura və ABŞ-da şist nefti hasilatının artması, habelə Qərbin İrana qarşı sanksiyalarının yumşalması ilə izah edirlər. Gözlənilir ki, yaxın vaxtlarda Tehran dünya bazarlarına neft təchizatını artıracaq. Həmçinin OPEK bildirir ki, neftin ucuzlaşmasının qarşısını almaq iqtidarında deyil.
Qiymətin aşağı düşməsinə baxmayaraq kartel üzvləri hasilatı azaltmaqdan imtina ediblər. Küveyt və Səudiyyə Ərəbistanı bildirir ki, neftin qiyməti hətta 70 dollara ensə də hasilatı azaltmayacaqlar.
"Röyter” xəbər verir ki, Səudiyyə Ərəbistanı azı yaxın iki il ərzində neftin qiymətini 80-90 dollar arasında saxlamağı qərara alıb. Krallıq hesab edir ki, neftin qiymətlərinin aşağı olması investorları neft hasilatını artırmağa yatırım qoymaqdan çəkindirəcək və bununla da bazarda təklif azalacaq.
Beləliklə, Azərbaycan neftinin dünya bazarlarındakı qiyməti 2015-cü il üçün hökumətin yeni təqdim etdiyi dövlət büdcəsində göstərilmiş minimal həddə yaxındır. Gələn ilin büdcəsində hökumət neftin bir barrelinin qiymətini 90 dollar müəyyən edib.
Lakin ekspertlərin qənaətinə görə, bu, riskli həddir. Çünki göründüyü kimi, dünya birjalarında neftin ucuzlaşması dayanmır və bu gedişlə qiymət 1 barrel üçün 90 dolların aşağısına enə, hətta 80 dollardan da uzuc ola bilər. O zaman hökumət gələn il üçün büdcə xərclərinə və investisiya layihələrinə yenidən baxmağa məcbur olacaq.
Ekspertlərə görə, indiki tendensiyanı nəzərə alaraq hökumət qiyməti büdcədə 80 dollar göstərməli idi.
Analitiklər hesab edir ki, neftin indiki ucuzlaşması təkcə tələb-təklif məsələsi ilə bağlı deyil, həm də siyasidir. Bəzilərinə görə Səudiyyə Ərəbistanı ABŞ-la anlaşaraq Rusiyanı cəzalandırmaq üçün nefti kəskin ucuzlaşdırır. Hərçənd ki, bu nəzəriyyə o qədər də ağlabatan görünmür və ucuzlaşmanın daha çox qlobal iqtisadi tendensiyalarla, ABŞ-da neft hasilatının artması ilə əlaqəli olduğu görünməkdədir.
Bununla belə neftin ucuzlaşmasının Rusiyaya Qərbin sanksiyalarından daha ciddi zərər vuracağına heç kim şübhə yoxdur. Rusiyada neft hasilatının maya dəyəri yüksəkdir və bir barrel üçün az qala 70 dollar təşkil edir. Bu isə o deməkdir ki, neft bu cür ucuzlaşmaqda davam etsə Rusiyada neft şirkətləri üçün hasilat ziyanla başa gələcək. Nəticədə şirkətlər ciddi maliyyə böhranı ilə üzləşəcək.
.