"ABŞ Ermənistan və Azərbaycanın tərəfdaşıdır".

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat brifinqində deyib. O, ABŞ-ın on illiklər ərzində bu ölkələrin ortağı olduğunu xatırladıb.

“Cənubi Qafqaz ölkələrinin, o cümlədən Ermənistanın və Azərbaycanın suverenliyi və müstəqilliyinə ABŞ-dan böyük dəstəkçi yoxdur. 1991-ci ildə Azərbaycanın və Ermənistanın Sovet İttifaqından ayrılaraq müstəqillik əldə etməsi – bu ölkələrin hər birinə öz xarici siyasət maraqlarını həyata keçirmək, Moskvadan və ya dünyanın hər hansı digər ölkəsindən asılı olmayaraq, öz maraqlarını həyata keçirmək hüququnu təmin edən əsas hadisə idi. Beləliklə, biz Ermənistan və Azərbaycanla əlaqə qurarkən bunu yalnız bir məqsədlə edirik, o da zorakılığa son qoymaq və bu ölkələri davamlı və hərtərəfli sülh yoluna gətirməkdir".

Dövlət Departamentinin sözçüsü bildirib ki, ABŞ Ermənistan və Azərbaycanı onlar üçün ən faydalı olan formatda görüşməyə təşviq edib və bunu açıq şəkildə bəyan edib.

"Biz problemlərin həllində və davamlı sülhün əldə edilməsində birbaşa dialoqun faydalı olacağına inanırıq. Mən Rusiya Federasiyasının səylərini şərh etmək fikrində deyiləm, ancaq demək istəyirəm ki, bu iki ölkənin qarşıdan gələn danışıqlara necə yanaşmasına özləri qərar verməlidir. Biz – məncə, bütün dünya Rusiyanın qonşularına necə münasibət göstərməsi ilə bağlı tarixi bilir. Yenə də, bizim yeganə niyyətimiz Ermənistan və Azərbaycan xalqlarının çox arzuladığı davamlı və hərtərəfli sülhə nail olmaqda kömək etməkdir", o vurğulayıb.

.