"Dmitri Peskov Ukraynanın enerji obyektlərinə zərbələrin dayandırılması ilə bağlı danışıqları təkzib edib. "Financial Times" kimi nüfuzlu nəşrlər belə bəzən həqiqətə uyğun olmayan məlumatlar yayırlar".
Gazeta.ru verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov nəşrin Ukraynanın enerji obyektlərinə hücumların dayandırılması ilə bağlı guya danışıqların aparıldığı barədə məqaləsini belə şərh edib.
"İndi reallıqla heç bir əlaqəsi olmayan çoxlu dezinformasiya var. Ən ciddi nəşrlər belə bu cür dezinformasiya yaymaqdan və belə yazılar dərc etməkdən çəkinmirlər", - deyə Peskov qeyd edib.
Bundan əvvəl "Financial Times" mənbələrə istinadən məlumat vermişdi ki, Rusiya və Ukrayna bir-birinin enerji infrastrukturuna zərbələrin dayandırılması ilə bağlı "ilkin danışıqlar" aparır. Jurnalistlərin məlumatına görə, Kiyev avqustda razılaşmaya yaxın olan, lakin Ukraynanın Rusiyanın Kursk vilayətinə müdaxiləsi səbəbindən pozulan danışıqları Qətərin vasitəçiliyi ilə yenidən başlamağa çalışırdı.
.