Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit həm iqlim var, həm də təbii şərait var, həm maldarlıq, həm də bitkiçilik üçün. Biz əlbəttə ki, bundan maksimum dərəcədə səmərəli şəkildə istifadə etməliyik.

Bu sözləri Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, eyni zamanda, ərzaq təhlükəsizliyi ilə bağlı mövcud olan məsələlər bu günün məsələləri deyil. Sadəcə olaraq, Rusiya-Ukrayna müharibəsi nəticəsində bu məsələlər daha da kəskin dayanır. Ancaq prinsip etibarilə torpaqlarımız işğalçılardan azad olunandan sonra mən dərhal göstəriş verdim ki, azad edilmiş torpaqlarda biz vaxt itirmədən əkin-biçinlə məşğul olmalıyıq. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir.

“Mən hesab edirəm ki, azad edilmiş torpaqlarda biz taxılçılıq üçün ən azı 100 min hektarı dövriyyəyə buraxmalıyıq, əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə. Xüsusilə nəzərə alsaq ki, bizim əsas çaylarımız da erməni işğalına məruz qalmışdır. Mənfur düşmən bizi öz suyumuzdan da məhrum etmişdir. Bildiyiniz kimi, Tərtər çayının suyundan biz faktiki olaraq istifadə edə bilmirdik. Həkəri çayın, Bazarçayın suyundan istifadə edə bilmirdik. Bu, azad edilmiş torpaqlarda əsas çaylardır. Amma o çayların sayı daha çoxdur”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Prezident: "Şərqi Zəngəzur və Qarabağda kənd təsərrüfatının inkişafı ən müasir əsaslar üzərində qurulmalıdır"

Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var. Biz vaxt itirmədən artıq ikinci ildir ki, çobanları qoyun sürüləri ilə artıq oraya göndərmişik və bunun nəticəsini görürük. Arıçıları göndərmişik. Artıq Kəlbəcər, Laçın rayonlarında yol boyunca yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik.

Bunu Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlətimizin başçısı bildirib ki, Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, həmçinin üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etdirilməlidir. Dövlət öz tövsiyələrini verəcək, fermerlərə, oraya qayıdacaq vətəndaşlara həm dəstək göstərəcək, subsidiya verəcək, tövsiyə verəcək, onların yetişdirdikləri məhsulu bazarlara çıxarmaq üçün dəstək olacaq.

“Yenə də deyirəm, bu bölgədə - Şərqi Zəngəzur və Qarabağ bölgəsində kənd təsərrüfatının inkişafı, ən müasir əsaslar üzərində qurulmalıdır. Çünki biz işlərə faktiki olaraq sıfırdan başlayırıq, ona görə səhvə yol verə bilmərik. Vaxtilə Azərbaycanda aparılmış kənd təsərrüfatı islahatı zamanı buraxılan səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır və əminəm ki, bunun nəticəsində ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

.