
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi Siyalə Rüstəmova Ağcabədi və Beyləqan rayonlarına gedib.
Xidmətdən ANS PRESS-ə verilən məlumata görə, o, nodulyar dermatit virus xəstəliyi baş vermiş təsərrüfatlarda olub. Xidmət rəisinin rəhbərliyi altında xəstəliyə yoluxub müalicə edilmiş və hazırda müalicəsi davam etdirilən heyvanlara baxış keçirilib.
Səfər kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən baş tutub.
Rayonlara səfəri çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi S. Rüstəmova yerli bələdiyyə, icra nümayəndələri və ayrı-ayrı təsərrüfat sahibləri ilə görüşüb. Görüşdə bildirilib ki, nodulyar dermatit virus xəstəliyi baş verəndən bu günə kimi xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Son bir neçə gündə yeni xəstə heyvan qeydə alınmayıb. Əvvəllər xəstələnmiş heyvanlar isə tam sağalana kimi nəzarətdə saxlanılacaq. Bütün xidmətin əməkdaşları, o cümlədən xidmətin rəisi S. Rüstəmova xəstəlik qeydə alınan bölgələrdə monitorinq keçirir, xəstələrin sağalması ilə əlaqədar dəqiqləşmələr aparılır. Hazırda xəstəliyə qarşı bütün imkanlardan istifadə edilir.
S. Rüstəmova yerli baytarlıq xidməti əməkdaşlarına lazımi məsləhət və tövsiyələrini verib.
Qeyd edək ki, xəstəliyin qarşısını almaq üçün kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən xəstəlik qeydə alınan bütün rayonlara kifayət qədər dərman preparatları göndərilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti nodulyar dermatit virus xəstəliyi ilə əlaqədar bildirir ki, ölkənin epizootik durumu tam nəzarətdə saxlanılır və xəstəliyə qarşı ciddi mübarizə tədbirləri ardıcıl olaraq davam etdirilir.
.