Rəsmi İrəvan Azərbaycan-Ermənistan şərti sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifi məqbul hesab etməyib.

Bunu bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Ermənistan danışıqlardan yayınır və verilən təklifə heç bir izah vermədən ondan imtina edir: “Laçın yolu ətrafında çox böyük qanun pozuntusu halları baş verib. Laçın yolundan qanunsuz istifadələr var idi. Bununla bağlı dəfələrlə beynəlxalq təşkilatlara məlumat verilib, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri üçün brifinqlər keçirilib. Burada müxtəlif istiqamətlər üzrə yüzlərlə fakt var idi. Bu da təbii ki, Azərbaycan cəmiyyətinin haqlı narazılığına səbəb olmuşdu. O cümlədən dekabrda başlamış etirazların səbəbi də məhz Laçın yolundan qanunsuz məqsədlərlə istifadə ilə bağlı idi. Bilirik ki, məsələnin həlli üçün bəlli çağırışlar var. Həll yollarından biri kimi cənab Prezident Münxen Təhlükəsizlik Konfransında Ermənistanın Baş naziri ilə görüşdə, daha sonra panel müzakirəsi zamanı Ermənistan-Azərbaycan şərti sərhədində sərhəd nəzarət-buraxılış məntəqələrinin qurulmasını təklif etmişdi. Bu, yolda şəffaflığı təmin edə bilər. Çünki hər kəs bilir ki üçtərəfli bəyanatda nə yazılıb, tərəflərin öhdəliyi nədən ibarətdir. Ancaq şəffaflığın olmaması ciddi problem və suallar yaradır. Bu təklif işçi qaydada müzakirə ediləndə də beynəlxalq tərəfdaşlardan təklifin sağlam olduğunu eşitdik. Həmin görüşdə heç bir konkret cavab verilmədi. Lakin təxminən iki gün sonra Ermənistanın xarici işlər naziri heç bir izah vermədən bu təklifin Ermənistan üçün məqbul olmadığını açıqladı".

Nazirin sözlərinə görə, bu açıqlama bir daha göstərir ki, Ermənistan tərəfi üçtərəfli bəyanat üzrə öhdəliyini yerinə yetirməkdə maraqlı deyil.

Ceyhun Bayramov Vardanyanın “vəzifəsi”ndən azad olunmasından danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ruben Vardanyanın “vəzifə”sindən azad olunmasına münasibət bildirib.

Nazir bu gün jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra sülh gündəliyi barədə danışır.

“Dövlətimiz artıq tariximizin qara səhifəsini çevirib, gələcəyə baxışı nümayiş etdirməyə hazır olduğunu bildirib. Bu kontekstdə Qarabağda yaşayan erməni əsilli sakinlərin ictimai, siyasi və iqtisadi səviyyədə Azərbaycan cəmiyyətinə inteqrasiya işlərinə başlamağa hazır olduğunu bəyan etmişik. Eyni zamanda, Azərbaycanın suverenliyi əsasında bölgənin inkişafı ilə bağlı Prezident İlham Əliyevin ilk gündən açıq, məntiqli və davamlı mesajları olub. Düşünürəm ki, hər kəs bunu qəbul edib. Kənardan gələrək kimlərinsə oyununu oynayan, Qarabağa heç bir aidiyyəti olmayan şəxs bizim üçün tərəf müqabili ola bilməz. Vardanyanın həmin mövqedə yer alması mümkünsüz idi. Bu bir neçə ay çəkdi. Onun arxasında duranlar da başa düşdü ki, bu layihənin heç bir perspektivi yoxdur”, - XİN başçısı qeyd edib.

Nazir vurğulayıb ki, ümumiyyətlə reinteqrasiya prosesi ilə bağlı qərarlar müzakirə edilən zaman bunun Azərbaycan Konstitusiyasına və onun tərəfdar olduğu beynəlxalq müqavilələrə uyğun formatlarda həyata keçiriləcəyi dəfələrlə deyilib: “Bilirsiniz ki, Ermənistan uzun müddət qanunsuz məskunlaşma siyasəti həyata keçirib. Hesab edirəm ki, Vardanyanla qanunsuz məskunlaşanlar arasında heç bir fərq yoxdur. Çünki onun Qarabağa aidiyyəti olmayıb”.


 

.