Quraqlıq və su çatışmazlığı pambıq bitkisinin becərilməsinə də öz təsirini göstərməkdədir.

Bunu Kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, cari ildə 100 min hektardan çox sahədə pambıq əkini həyata keçirilib: "Pambıq əkinləri üzrə 7 min hektar sahədə birinci vegetasiya suvarması hələ də başa çatmayıb. Eyni zamanda, bu günə 49 min hektar sahədə ikinci vegetasiya suvarması həyata keçirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 min hektar azdır.

Pambığın suvarılmasında ən kritik faza ikinci vegetasiya suvarmasıdır. Keçənilki dövrdə bugünkü tarixə biz 23 min hektar az ikinci suvarma həyata keçirmişik. Pambığın ikinci vegetasiya suvarması vaxtında aparılmasa, məhsuldarlığın 25-40 faiz aşağı düşməsi ilə üzləşə bilərik. Hazırda pambığın suvarılması üzrə əsas problemlər daha çox Saatlı, Sabirabad, Biləsuvar, Zərdab, Salyan və Neftçala rayonlarında müşahidə olunur".

Nazir qeyd edib ki, bundan əlavə, 35 rayon üzrə 50 min hektar sahədə təkrar qarğıdalı əkini nəzərdə tutulub. Bu günədək 36 min hektar sahədə səpin aparılıb. Hazırda suvarma problemi ilə əlaqədar bu işin həyata keçirilməsində çətinliklər yaşayırıq.

.