“Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında hər hansı görüşün keçiriləcəyi ilə bağlı məlumat yoxdur”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir müharibədən sonra Moskvada Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri ilə görüşdüyünü xatırladıb.

XİN rəhbəri gələcəkdə Azərbaycan və Ermənistan liderlərinin görüşünün mümkünlüyünü istisna etməyib.

Azərbaycan xarici işlər naziri Ermənistan tərəfindən səsləndirilən bəyanatlara münasibət bildirib

Xarici işlər naziri Ceyhun Bayramov Ermənistan tərəfindən səsləndirilən bəyanatları dəyərləndirib.

Ceyhun Bayramov bildirib ki, Ermənistanda daxili siyasi vəziyyətdə böyük gərginlik var: “Ona görə Ermənistandan bir sıra hallarda gələn bəyanatlar ziddiyyətli xarakter daşıyır. Müşahidə edirsinizsə, hər hansı pozitiv mesaj verilir və bunu hər kəs müsbət qarşılayır. Ancaq üstündən qısa müddət keçəndən sonra başqa mesaj verilir. Həmin mesaj isə öncə verilən mesajla ziddiyyət təşkil edir. Ona görə də bununla bağlı hər hansı fikir söyləmək hələ tezdir. Düşünürük ki, Ermənistan tərəfi də anlamalı və başa düşməlidir ki, uzun illər ərzində, 30 ilə yaxın həyata keçirilən təcavüz siyasəti ona heç bir uğur gətirmədi. Çünki bu gün Ermənistanın demoqrafik durumuna, iqtisadiyyatının vəziyyətinə, Ermənistandakı cəmiyyətdaxili sarsıntıya, COVİD-19 pandemiyasının orada yaratdığı fəsadlara, dövlətin buna qarşı gücsüz olmasına və bir sıra digər amillərə baxsaq, birbaşa görəcəyik ki, orada problemlərin sayı olduqca çoxdur. Hesab edirəm ki, həmin problemlərin kökündə məhz 30 il bundan öncə əsası qoyulmuş və qonşulara qarşı aparılan təcavüz siyasəti durur. Ona görə düşünürəm ki, Ermənistanın siyasi rəhbərliyi, Ermənistanda siyasi qərarların qəbul olunmasına məsul şəxslər məsuliyyətli davranmalı, yalnız bugünkü dar müstəvidə deyil, daha geniş müstəvidə məsələyə nəzər salmalıdırlar. Öz ölkələrinin, öz xalqlarının gələcəyini düşünsələr, müsbət addımlar qaçılmaz olacaq”.

Nazir: “Azərbaycan müharibədən sonra Ermənistana qarşı birtərəfli qaydada çox müsbət addımlar atıb”

“Bu gün çoxu bu barədə danışmağı xoşlamır. Amma bu gün fakt ondan ibarətdir ki, Azərbaycan müharibədən çox qısa vaxt keçməsinə baxmayaraq, birtərəfli qaydada çox müsbət addımlar atıb”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, yüklərin Azərbaycan ərazisindən keçməsinə icazə verilməsi, 2020-ci ilin qış aylarında Azərbaycanın qaz nəqli sistemi ilə Rusiyadan qazın Ermənistana verilməsinə imkan yaradılması, Azərbaycan ərazisindən keçən avtomobil yolunun Ermənistan nəqliyyat vasitələri tərəfindən istifadə edilməsi – bütün bunlar Azərbaycan tərəfindən atılan müsbət addımlardır: “Bu, münaqişənin keçmişdə qalmasının və gələcəyə baxışın bir nümunəsidir. Bu gün Bakı Qlobal Forumunun açılışında da Prezidentin qeyd etdiyi, kimi biz hələ ki, bu addımların qarşılığını görmürük. Ancaq düşünürük ki, Ermənistan tərəfi nə qədər tez başa düşərsə, ilk olaraq onun özü üçün yaxşı bir seçim olar”.

.