Ölkədə dərsliklərin hazırlanması ilə bağlı mütəxəssis çatışmazlığı var.
Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, Təhsil Nazirliyi 300-dən çox dərslik hazırlayır: "Onun hansısa səhifəsində hərf səhvi, hansısa dizayn problemləri ola bilər".
"Biz pedoqoji problemləri texniki səhvlərdən ayırmağı öyrənməliyik. Siz əgər bir neçə milyon səhifəlik kitab çap edirsinizsə, onun içində iki hərf səhvinin olmağı və ya onu tapmaq böyük bir əhəmiyyətli hadisə kimi qiymərləndirilməməlidir. O ki qaldı dərsliklərin pedoqoji tərəflərinə, Təhsil İnstitutu tərəfindən son 4 ildir ehtiyat dərsliklər hazırlanır. Bizim üçün maraqlı olardı ki, ibtidai sinif dərslikləri ilə bağlı ictimai rəy alaq. Dərsliklər çap olunmamışdan əvvəl onlar ictimaiyyətə təqdim olunur. Təhsil Nazirliyi dərslik yazmır, onu müəlliflər hazırlayır. Nazirlik həmin dərslikləri elektron bazaya yerləşdirir. Məsələn, hər kəs gələn il çıxacaq dərslikləri bazaya daxil olaraq, oxuya bilər. Xahiş edirik ki, kiminsə rəyi varsa, dərslik çap olunandan sonra deyil, əvvəlcədən bildirsin və bunu məqbul sayırıqsa, yenidən baxıraq" - o bildirib.
Nazir onu da qeyd edib ki, dərslik sahəsində mütəxəssis hazırlığı da çox vacib işdir: "Bu istiqamətdə Sinqapurla, digər ölkələrlə əməkdaşlıq edirik".
"Bu, asan məsələ deyil. Ölkədə dərslik hazırlanması sahəsində mütəxəssis çatışmazlığı var. Təbii ki, Azərbaycanda insanların bildiyi və bilmədiyi şeylər haqqında danışması ayıb sayılmadığı üçün burada müəyyən rəylər də var. Amma biz bütün rəylərə hörmətlə yanaşırıq. Amma istəyirəm biləsiniz ki, Təhsil Nazirliyində peşəkar rəyi emosional əsası olmadan rəydən ayırmaq qabiliyyətimiz də var. O nöqteyi nəzərdən yavaş-yavaş dərsliklərdəki obyektiv çətinliklərin aradan qaldırılması ilə şagirdlərimizə daha yaxşı dərsliklər verə biləcəyimizə inanıram", - deyə nazir qeyd edib.
.