Azərbaycan Ermənistanın dağıtdığı dəmir yolu şəbəkəsini yenidən qurmaq üçün çalışmalar aparır.

“Anadolu” verdiyi xəbərə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüssel Media Klubunda Avropa İttifaqı-Azərbaycan münasibətlərinə dair paneldə bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən Ermənistanın da bu şəbəkəyə daxil ola bilməsi üçün razılıq verilib.

Nazir deyib ki, dəmir yolu şəbəkəsinin inşası Türkiyə, Azərbaycan, Gürcüstan, İran, Rusiya və Ermənistan arasında əlaqələrin qurulmasında rol oynayacaq, eyni zamanda, Asiya ilə Avropa arasındakı “Şərq-Qərb” nəqliyyat dəhlizi üçün də faydalı olacaq.

C. Bayramov vurğulayıb ki, bu layihədən sadəcə müəyyən ölkələr yox, bütün bölgə ölkələri mənfəət əldə edə biləcək. Nazir əlavə edib ki, Azərbaycan Cənubi Qafqazda əməkdaşlığın artırılmasına töhfə vermək niyyətindədir: “Təəssüf ki, bu məsələdə Ermənistandan dəqiq bir cavab almamışıq”.

XİN rəhbəri Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupundan bəzi müsbət siqnallar gəldiyini qeyd edib: “Yaxın gələcəkdə bu layihələrin tətbiqi ilə bağlı və konkret nəticələr əldə etmək üçün Ermənistanın həqiqi addımlar atmasına ümid edirik”.

.