Nəqliyyat naziri Ziya Məmmədov və onun dəstəsi "Yeni Müsavat”la "Azadlıq” qəzetlərinə qarşı növbəti hücum kampaniyasına start verib. Nazirin oğlu, "Qarant Holdinq” şirkətlər qrupu Direktorlar Şurasının sədri Anar Məmmədov deyəsən, "qış yuxusu”ndan ayılıb.
Belə ki, nazir balası qalmaqallı, özünü, mənsub olduğu ailəsini uzun müddət ölkədə və dünyada biabır edən "ayı işi”ni yenidən qaldırmaq qərarı verib. Məlum olduğu kimi, A.Məmmədov 2010-cu ildə Qəbələdə ayı kəsdirərək ətindən kabab çəkdirməsi xəbərləri ilə el arasında rüsvay olmuşdu, dillərdən düşmürdü, hər yerdə bu olaydan danışır, onu lağa qoyurdular.
Nazir oğlu isə bu hadisəni ictimailəşdirən "Yeni Müsavat” və "Azadlıq” qəzetlərini məhkəməyə verərək şərəf, ləyaqətinin alçaldığını iddia etmişdi. Uzun müddət sürən məhkəmə çəkişməsindən sonra hər iki qəzetə ayrı-ayrılıqda 4 min manat cərimə kəsilmişdi.
Sadəcə sonradan tərəflər arasında əldə olunan anlaşmaya görə, qəzetlər "ayı işi” mövzusuna toxunmayacaq, bu haqda yazılar çap etməyəcək, qarşılığında isə 4 min manatlıq cərimənin icrası dayandırılacaqdı. Və belə də oldu. Əslində razılaşmaya görə, A.Məmmədov cərimənin icrasından imtina etməli idi. Di gəl ki, imtina etməyib, icraatı dayandırdı.
Lakin sonradan proseslərin gedişində Ziya Məmmədov çetesinin digər gəncləri tərəfindən ölkə miqyaslı hadisələr baş verəndə, o cümlədən əməkdaşımız Fərahim İlqaroğluna qarşı bu ailənin digər gənc üzvü - Aynar Məmmədov tərəfindən sui-qəsd sifariş olunanda "Yeni Müsavat” yenidən bu yazılara qayıtmaq məcburiyyətində qaldı.
Qəzet Anar Məmmədovun adını hallandırmaq məcburiyyətində oldu. Çünki bu, Məmmədovlar ailəsinin üzvü olan gənclərin ilk belə hərəkəti deyildi. Əgər Anar Məmmədov ayı əti kəsdirib yemişdisə, deputat əmisinin oğlu da nəqliyyat təhlükəsizliyi qaydalarına riayət etməməklə, avtoxuliqan hərəkətləri ilə yadda qalmışdı. Ardınca da müxbirimizi döydürmək əmrini verməklə gündəmə gəlmişdi.
Bu ümumiləşdirmələri etmək və Məmmədovlar dəstəsinin əslində hansı bioqrafiyaya sahib olduqlarını ictimaiyyətin diqqətinə çatdırmaq bir qəzet üçün məqbul sayılır. Ancaq görünən budur ki, Anar Məmmədovun və çevrəsinin dözümü bura qədər çatıb.
O, "ayı işi” məhkəməsində kəsilən cərimələrin icraya yönəldilməsinə qərar verib. Vəkili Ruslan Məmmədov artıq Nizam Rayon Məhkəməsinin icra şöbəsinə müraciət edərək icraya xitam verilməsi ilə bağlı qərardadın ləğvini xahiş edib. Məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir.
"Yeni Müsavat”ın hüquqşünası Vaqif Hüseyn açıqlamasında bildirib ki, bu qərarla bağlı müvafiq sənədlər hazırlanır, apelyasiya şikayəti veriləcək. Hüquqşünas qəzetin sona qədər öz hüquqlarını müdafiə edəcəyini qeyd etdi.
"Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu isə musavat.com-a bildirib ki, "artıq günah bizdən getdi".
Baş redaktorun sözlərinə görə, A.Məmmədovun "ayı işi” ilə bağlı hörmətli şəxslər ondan xahiş etmişdilər ki, bu mövzuda yazılar getməsin: "Biz də həmin hörmətli adamların xahişini nəzərə alaraq yazıları dayandırmışdıq. Ancaq vəziyyət elə gətirib çıxardı ki, biz Anarla bağlı bir neçə yazı yazmaq məcburiyyətində qaldıq. Çünki Fərahim İlqaroğlu məhz onun əmisi oğlunun sifarişi ilə döyülüb, 4 dişi sınıb, xəstəxana yollarında qalıb; üstəlik Anarın nazir atası onu himayə edir. Və təbii ki, bu halda biz Ziya Məmmədov və onun çevrəsindən yazmalı idik. Əgər Anar Məmmədova bu toxunursa, dünəndən toxunsun. O, elə bilirsə ki 4 min manat cərimə ilə bizi özünə tabe etdirə biləcək, yanılır. Bu addımı ilə o, özünü 4 min dəfə peşman edəcək hərəkətə yol verdi”.
Baş redaktor qeyd etdi ki, Məmmədovlar terrorist bir klana çevrilib: "Buna dair əlimizdə sübutlar var. Onlar əməkdaşımıza qarşı pusqu qurub, müxbirimiz vəhşicəsinə döyülüb. İndi günah bizdən getdi. Onlar bunun nəticəsini hiss edəcəklər. Arada olan hörmətli şəxslərin xahişi idi ki, Aynar işini Anara qatmayaq. Amma daha belə bir sərhəd artıq yoxdur. Çünki bu, bir ailənin cinayətidir. Anar Məmmədov bu addımı ilə göstərir ki, jurnalistin döyülməsi ilə bağlı sifarişin verilməsində özü də iştirak edib və məsələdən xəbəri olub. Onlar hər zamankı kimi indi də ortaq hərəkət edirlər”.
R.Arifoğlu Məmmədovların tarixdə biabırçı adla qalacaqlarını söylədi: "Ziya Məmmədov və çevrəsindəkilər bilsinlər ki, "Yeni Müsavat” 25 illik tarixə malikdir. Bu qəzeti çoxları çökdürmək istəyib, amma bacarmayıb. Onlar da bu istəyinə müyəssər ola bilməyəcək. Əksinə, özləri tarixə biabırçı adla düşəcəklər”.
.
