Azərbaycanın informasiya məkanının mümkün təhdid və hücumlardan qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindən biridir.
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC-2025) tədbiri çərçivəsində keçirilən konfransda deyib.

Onun sözlərinə görə, informasiya texnologiyalarının sürətli inkişafı və qlobal səviyyədə rəqəmsallaşmanın genişlənməsi kibertəhdid və hücumların sayının artmasına səbəb olur.

"Son illərdə ölkəmizdə rəqəmsal proseslərin inkişafı kibertəhlükəsizlik məsələlərini xüsusilə aktual edir. Dövlət başçısı tərəfindən təsdiqlənmiş strateji və normativ sənədlər rəqəmsallaşdırmaya və kiberfəzanın qorunmasına göstərilən diqqətin əyani nümunəsidir. Buraya informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası, rəqəmsal inkişaf konsepsiyası, süni intellekt sahəsində strategiya daxildir", - S.Əsədov vurğulayıb.
Nazir müavini, həmçinin qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti informasiya təhlükəsizliyi sahəsində ardıcıl şəkildə maarifləndirmə təşəbbüsləri həyata keçirir.

"Ötən illər ərzində 40-dan çox tədbir keçirilib. Bununla da, 78 məktəbdən 40 mindən çox şagird kibergigiena və onlayn mühitdə təhlükəsiz davranış qaydaları haqqında biliklər əldə edib", - nazir müavini bildirib.

.