“İşğaldan əvvəl Şərqi Zəngəzur və Qarabağda mövcud olan 230 min hektar meşədən 54 min hektarı, yəni 25 faizi qırılıb”.

Bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Nazir müavini deyib ki, işğal dövründə 100 min hektar ərazidə məqsədli yanğınlar törədilib: “Müharibə dövründə ağ fosfor tərkibli mərmilərdən Şuşa ətrafında istifadə edilib. Ərazidə rast gəlinən bitki növlərindən 20-si endemik növlərdir. 127 fauna növü “Qırmızı kitab”a salınıb. Min kilometrlərlə yol qət etsək də, bir-iki quş növündən başqa, hər hansı vəhşi heyvan növünə rast gəlmək olmur. Buna səbəb heyvanların işğal dövründə vəhşicəsinə ovlanması, ərazilərin minalanmasıdır. Bu günə qədər cütdırnaqlı və məməlilərdən heç bir heyvan növünə rast gəlməyib. Meşələrin qırılması, yanğınlar həm də heyvanların areallarının məhv edilməsi deməkdir. Bəstiçay Dövlət Qoruğunun yarıdan çox hissəsində çinarlar məhv edilib”.

.