“Üç ölkə öz arasında və bütövlükdə regionda əlaqələri yaxşılaşdıracaq bütün birgə nəqliyyat infrastrukturu layihələrini fəal şəkildə dəstəkləyir”.

Bunu Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov Özbəkistan-Azərbaycan-Türkiyə dialoq formatında keçirilən birinci iclasın yekununa dair brifinqdə bildirib.

Onun sözlərinə görə, tərəflər müxtəlif sahələrdə - sənaye, ticarət, turizm, nəqliyyat sahələrində əməkdaşlıq üçün bütün praktiki imkanları dəstəkləmək niyyətindədirlər: “Onlar bu məqsədlə bütün mövcud variantlardan, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən, Azərbaycan və Türkiyənin beynəlxalq dəniz limanlarından, həmçinin “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərindən istifadə etmək istəyirlər”.

Nazir vurğulayıb ki, tərəflər Özbəkistanın Termez-Məzari-Şərif-Kabil-Pişəvər (Özbəkistan-Əfqanıstan-Pakistan) dəmir yolu xəttinin tikintisi ilə bağlı təşəbbüsünün əhəmiyyətini vurğulayıb, həmçinin Özbəkistan-Qırğızıstan-Çin dəmir yolu xəttinin tikintisinə dəstəyini ifadə ediblər”.

O bildirib ki, xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin Daşkənddə keçirilən ilk görüşü ölkələr arasında davamlı inkişafı təmin etmək üçün birgə fəaliyyət göstərməyin və praktiki nəticələrə nail olmağın vacibliyini təsdiqləyib: “Nəticədə birgə fəaliyyətin əsas istiqamətlərini və tərəflərin prioritetlərini müəyyən edən Daşkənd Bəyannaməsini imzaladıq”.

.