“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin ən müasir döyüş taktikasının tətbiqi və rəşadətli Azərbaycan Ordusunun şücaəti nəticəsində 30 illik işğala son qoyulub, ölkəmizin və Qarabağın həyatında şanlı səhifə açılıb”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bununla bərabər ölkə iqtisadiyyatı 2 böyük şokla qarşılaşıb: “Bunlardan biri pandemiya, ikincisi isə dünya bazarlarında xam neftə tələbatın azalmasıdır. Qeyd olunan proseslər iqtisadiyyata mənfi təsir göstərib. Dövlət büdcəsinin xərc strukturunda əhəmiyyətli dəyişiklik edilib. İqtisadi baxımdan ötən il bütün dünya ölkələri üçün ağır il kimi qalacaq. Dünya üzrə qlobal iqtisadi artım göstəricisi 3,3 faiz bənd azalıb. Ortalama bu göstəricinin bir qədər yuxarı olması Cənub-Şərqi Asiya dövlətlərində iqtisadi tənəzzül tempinin aşağı olması ilə bağlıdır”.

Samir Şərifov: "Manatın məzənnəsinin sabitliyi qorunub"

“Ötən il Prezident İlham Əliyevin tapşırığı əsasında kompleks sosial tədbirlər proqramı hazırlanıb”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, yaranmış vəziyyətə uyğun yeni xərclər maliyyələşdirilib: “Gəlirlərin azalması Dövlət Neft Fondundan transfertin məbləğinin artırılması ilə tənzimlənib. Hesabat ilində götürülmüş bütün sosial öhdəliklər tam yerinə yetirilib. Eyni zamanda, pandemiyadan zərərçəkən sahələrin dəstəklənməsi nəticəsində pandemiyanın ölkə iqtisadiyyatına təsirinin azaldılmasına nail olunub. Pandemiyaya baxmayaraq, ordu quruculuğu, təhlükəsizlik xərcləri təmin olunub. Manatın məzənnəsinin sabitliyi qorunub. Pandemiyanın dünya iqtisadiyyatına təsirlərini göstərdiyi ilk aylarda Azərbaycanın valyuta bazarında gərginlik yaşanırdı. Azərbaycan dövlətinin 2020-ci il ərzində pandemiya ilə mübarizə sahəsində atdığı addımlar beynəlxalq təşkilatlar tərəfindən də izlənir. Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinin bu sahədə gördüyü tədbirlərin mühüm rolunu vurğulayıb və hökumətin keçirdiyi tədbirləri çevik və adekvat qiymətləndirib”.

Nazir: “Ötən il büdcə xərclərinin kəskin optimallaşdırılması həyata keçirilib”

“Ötən il ərzində dövlət büdcəsinin xərclərinin kəskin optimallaşdırılması həyata keçirilib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bir sıra hallarda xərclər azaldılıb: “Bir sıra hallarda qeyri-maliyyə aktivləri üzrə qənaətə nail olunub. Xərclərin icrası 96,1 % təşkil edib. Burada qənaət edilən vəsaitin əsas səbəbi Vətən müharibəsində qələbəmizdən sonra dövlət rəhbərliyinin bir sıra xərclərə qənaət edilməsi və 2021-ci ildə yenidənqurma işlərinə cəlb edilməsi qərarı ilə bağlı olub. COVID-19 pandemiyası ilə mübarizə tədbirləri üzrə proqramın icrası zamanı səhiyyə tədbirlərinə ayrılan xərclər 613 milyon manat təşkil edib. Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin verilməsi üçün 186 milyon manat yönəldilib. İqtisadi sferada fəaliyyət göstərən sahibkarlığa dəstək üzrə xərclərə 813 milyon manat yönəldilib. Vəsaitin əksər hissəsi pandemiyadan zərərçəkən sahibkarlara yönəldilib”.

.