“Ermənistan tərəfdən muzdlu döyüşçülərin Azərbaycana qarşı müharibədə iştirakı ilə bağlı çoxsaylı faktlar mövcuddur”.

Bunu bu gün keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, Ermənistan diaspor üzvləri bununla bağlı bir sıra ölkələrdə fəaldırlar: “Diaspor təşkilatlarının rəhbərləri bəzən erməni mənşəli, bəzən də erməni mənşəli olmayan şəxslər üçün toplanış məntəqələrinin olduğunu elan edirlər. Artıq məsələ o qədər açıq səviyyəyə çatıb ki, Ermənistan Prezidenti “Əl-Cəzirə” telekanalına müsahibəsində bunu etiraf edir, xarici ölkələrdən gələnlərin müraciət edərək döyüşdüyünü bildirir. Bizdə PKK terror təşkilatının üzvlərinin də döyüş əməliyyatlarına cəlb olunduğu barədə məlumatlar və faktlar var”.

Xarici İşlər naziri qeyd edib ki, Ermənistan zər zaman müxtəlif ölkələrdən terrorçuları döyüşlərə cəlb edib: “Birinci Qarabağ müharibəsində də Ermənistan terrorçulardan istifadə edib. Bunlardan diri Livandan gəlib Ermənistan tərəfində döyüşmüş və Azərbaycan Ordusu tərəfindən öldürülmüş Monte Melkonyan idi. Hazırda o, Ermənistanın Milli Qəhrəmanıdır. O, Ermənistana gəlməmişdən əvvəl Fransada terror aktı törətmişdi. Bu, bir daha onu sübut edir, Ermənistan hər zaman belə qanunsuz addımlara əl atıb. Bu, Ermənistanın hərbi-siyasi rəhbərliyinin düşüncə tərzidir”.

Nazir: “Ermənistan özü atəşkəs üçün çoxsaylı müraciətlər edirdi, razılaşma qüvvəyə minəndə isə atəşkəsi kobudcasına pozur”

“Dünənki danışıqların və qəbul olunmuş bəyanatın qiymətləndirilməsi ondan ibarətdir ki, humanitar əsaslarla atəşkəs elan olunması ilə bağlı çoxsaylı müraciətlər vardı. Bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Puitin də belə bir təşəbbüslə çıxış etmişdi. Biz bu təşəbbüsü yüksək qiymətləndiririk. Bilirsiniz ki, Rusiya Prezidentinin Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə danışıqlarında sonra Moskvada belə bir görüş baş tutub. Uzun müzakirələrdən sonra Bəyanat qəbul edilib”.  

Bunu bu gün keçirilər mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

Nazirin sözlərinə görə, məqsəd Beynəlxalq Qızıl Xaç Komitəsinin də cəlb edilməsi ilə meyitlərin, əsirlərin və tutulmuş şəxslərin mübadiləsini həyata keçirməkdir: “Sənəddə həmçinin əlavə maddələr də var. Həmin maddələrə əsasən, Ermənistan üzərinə öhdəlik götürüb ki, danışıqların baza prinsiplərinə qayıtsın, atəşin dayandırılmasından sonra tez bir vaxtda substantiv danışıqlara başlansın. Həmçinin bəyanatda danışıqları formatının dəyişdirilməsinin qeyri-mümkünlüyü barədə də maddə var. Çünki format son vaxtlar Ermənistan tərəfindən şübhə altına alınırdı. Danışıqlar formatı deyəndə, biz danışıqların Azərbaycan və Ermənistan arasında aparıldığını nəzərdə tuturuq. Ermənistan tərəfindən hansısa üçüncü tərəfin danışıqlara cəlb olunması cəhdi Azərbaycan tərəfindən rədd edilir. Bu sənəddə biz bu məsələyə növbəti dəfə nöqtə qoyduq”.

C. Bayramov atəşkəsin elan olunmasından bir neçə saat keçməsinə baxmayaraq, Ermənistan buna əməl etmədiyini, bir neçə istiqamətdə əks-hücuma keçməyə cəhd göstərdiklərini və Azərbaycan Ordusu tərəfindən geri oturdulduqlarını diqqətə çatdırıb: Bu, təəssüf doğurur. Çünki Ermənistan növbəti dəfə ikiüzlülüyünü nümayiş etdirir. Ermənistan tərəfindən atəşkəs üçün çoxsaylı müraciətlər oldu, eyni zamanda müxtəlif beynəlxalq təşkilatlar da bu çağırışlarla çıxış edirdi. Lakin razılaşma qüvvəyə minəndə, atəşkəs Ermənistan tərəfindən kobudcasına pozulur. Atəşkəsdən hələlik bir neçə saat keçir. Yəqin ki, bir qədər sonra vəziyyətə daha dəqiq qiymət vermək mümkün olacaq”.

Azərbaycan XİN başçısı Moskvada danışıqların uzanmasını Ermənistanın mənasız tələbləri ilə əlaqələndirib

“Moskvada texniki fasilələr də nəzərə alınmaqla, danışıqlar 11 saat davam edib”.

Bunu bu gün keçirilər mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, danışıqların uzun müddət davam etməsinin səbəbi Ermənistanın mənasız tələblərlə çıxış etməsi olub: “Bu tələblər o qədər mənasızdır ki, bunun üzərində dayanmağa dəyməz”.

Ceyhun Bayramov: "Həmsədr ölkələr iş metodlarına yenidən baxmalıdırlar"

“Biz bütün həmsədr ölkələrlə sıx işləməliyik”.

Bunu bu gün keçirilən mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, Azərbaycan tərəfi Fransanın birtərəfli, qərəzli şəkildə Ermənistanı dəstəkləməsinə öz mövqeyini bildirib: “Bu kimi hallara mövqeyimizi bildirməli, dialoqdan qaçmamalıyıq. Ədalətli sözü çatdırmaq nə qədər çətin olsa da, buna nail olmaq mümkündür”.

Xarici İşlər naziri qeyd edib ki, Rusiya Azərbaycana qonşu ölkədir: “Rusiya ilə strateji münasibətlərimiz var. Son 10 gün ərzində Rusiya tərəfindən Azərbaycan və Ermənistana balanslaşdırılmış münasibətin şahidi olduq, neytral mövqe qorunub saxlandı. Rusiya münaqişənin qısa müddətdə dayandırılması çağırışları edir və biz bunu normal qəbul edirik”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  isə nəzərə çatdırıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən 30 il ərzində nəticə əldə olunmadı: “Həmsədr ölkələr də bundan narahatdırlarsa, iş metodlarına yenidən baxmalıdırlar. Fəaliyyət BMT qətnamələri əsasında, konkret vaxt çərçivəsi əsas götürərək qurularsa, nəticə olar. Minsk Qrupunun bütün ölkələri fəal olmalıdır. Azərbaycan həmişə müraciət edib ki, Minsk Qrupunda iştirak edən Avropa ölkələri də mövqelərini bildirsinlər. Ermənistana vaxtında adekvat cavab verilməməsi də bugünkü gərgin vəziyyətin səbəblərindən biri olub”.

.