“Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokun rəhbərlik etdiyi nümayəndə heyəti Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Daha sonra biz ikitərəfli və çoxtərəfli platformalarda ölkələrimiz arasında münasibətlər və əməkdaşlığı müzakirə etmişik”.

APA-nın xəbərinə görə, bunu bu gün Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir ölkələr arasında siyasi dialoqu yüksək qiymətləndirib: “Bu dialoqu davam etdirməyi zəruri saydıq. Bu xüsusda Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokun Azərbaycana səfərini dəyərli töhfə hesab edirik. 2019-cu ildə Slovakiyanın Azərbaycanda səfirliyi təsis edilib. Bu amili ikitərəfli münasibətlərin inkişafı baxımından yüksək dəyərləndiririk”.

C. Bayramov qeyd edib ki, qarşılıqlı sərmayə və ölkələr arasında ticarət dövriyyəsi qaneedici deyil.

XİN başçısı vurğulayıb ki, slovakiyalı həmkarı ilə keçirilən görüşdə energetika, mədəniyyət və elm sahələrində də iş birliyinin genişləndirilməsinə diqqət yetirilib.

Ceyhun Bayramov: “Ermənistan Azərbaycana hərbçilər göndərmək cəhdlərinə son qoymalıdır”

“Biz tariximizin xüsusi dövrünü yaşayırıq. Azərbaycanın 30 il işğal altında olan əraziləri azad edilib”.

Bunu bu gün Slovakiya xarici və Avropa işləri naziri İvan Korçokla görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Xarici işlər naziri deyib ki, 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatlar regionda yeni imkanlar yaradır: “Azərbaycanın mövqeyi beynəlxalq hüquq və normalara əsaslanıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi daxilində dövlətlərarası münasibətlərin normallaşmasını olduqca vacib hesab edirik. Üçtərəfli bəyanatlar nəqliyyat-kommunikasiyanın bərpası, ticarət əlaqələri üçün böyük imkanlar yaradır. Digər bölgə ölkələri kimi, Ermənistan da sülhün faydasını görəcək. Bunun üçün ölkələr üzərinə götürülən öhdəlikləri dürüst yerinə yetirməlidirlər. Ancaq bəzi hallarda biz hələ də Ermənistandan konstruktiv yanaşma görmürük. Üçtərəfli bəyanata əsasən, Ermənistan bütün hərbi birləşmələri Azərbaycan ərazisindən çıxarmaq barədə öhdəlik götürüb. Ermənistan Azərbaycana ərazisinə hərbçilər göndərmək cəhdlərinə son qoymalıdır. Bu, bölgədə sülh və təhlükəsizliyə təhdid yaradır. Bilavasitə və dolayısı ilə hərbi əməliyyatlara yönəlik bütün addımlara son qoyulmalıdır".

XİN başçısı: “İşğaldan azad edilmiş ərazilərin bərpası zaman tələb edir”

“Azərbaycan hazırda işğaldan azad edilmiş ərazilərin bərpası ilə məşğuldur”.

Bunu bu gün Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası zaman tələb edir və Azərbaycan bunun öhdəsindən layiqincə gələcək.

Nazirin sözlərinə görə, Slovakiya şirkətləri işğaldan azad edilmiş ərazilərdə avtomobil, dəmir yolları, alternativ enerji mənbələri, minatəmizləmə, “ağıllı kənd” və “ağıllı şəhər” layihələrində iştirak edə bilər: “Hər iki dövlətin aidiyyəti qurumları bu məsələləri dəyərləndirəcək və növbəti aylarda, növbəti illərdə bu istiqamətlərdə işlər həyata keçiriləcək”. 

C. Bayramov qeyd edib ki, Azərbaycan dost və tərəfdaş ölkələrlə münasibətləri qarşılıqlı hörmət əsasında qurur: “Azərbaycan-Slovakiya münasibətləri bu prinsiplər üzərində qurulub və inkişaf edəcək. Hesab edirik ki, dövlətlərimizin və xalqlarımızın rifahı uğrunda işlərimizi irəli apara biləcəyik”.

Nazir: “Dünya birliyi mina xəritələrini verməsi üçün Ermənistana təzyiq etməlidir”

“Ermənistan işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana təqdim etməkdən imtina edir”.

Bunu bu gün Slovakiya xarici və Avropa işləri naziri İvan Korçokla görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, bu, beynəlxalq humanitar prinsiplərə, insani davranışlara ziddir: “Bu ərazilərdə mina partlaması nəticəsində 18 insan dünyasını dəyişib, 78 insan isə ağır xəsarət alıb. Son hadisə isə dünən olub, Ağdamda 6 nəfər minaya düşüb. Dünya birliyi minalanmış ərazilərin xəritələrinin verilməsi üçün Ermənistana təzyiq etməlidir”.

.