"Biz cənubdan qərbə yeni nəqliyyat dəhlizi təklif edirik. Siyasi mövqeyimizi Xarici İşlər Nazirliyi səviyyəsində açıqladıq”.
Bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
"Bu dəhlizi bu gün təqdim etdik. Konkret fəaliyyət planı üzərində çalışacağıq ki, konkret layihələr təqdim edək”, - deyə o vurğulayıb.
Türkiyənin xarici işlər naziri: "Yeni dördtərəfli format sülh və sabitliyə töhfə verəcək"
"Bugünkü yeni format tarixi və mədəni bağları olan ölkələr arasında qurulub. Türkiyənin hər üç ölkə ilə ortaq layihələri var və bu dostluq, qardaşlığımız hər gün genişlənir".
Bunu isə Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
M. Çavuşoğlu bildirib ki, yeni format sülh və sabitliyə töhfə verəcək.
"Başda bu ölkələr olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik. Üzləşdiyimiz çətinliklərə qarşı birgə mübarizə aparacağıq. Bütün sahələrdə əlaqələri, əsasən də, iqtisadi əlaqələri daha da genişləndirəcəyik. Həm ticarət, həm yatırım, həm də xalqlar arasında əlaqələri inkişaf etdirmək üçün nəqliyyat şəbəkəsini genişləndirmək vacibdir. Bu format gələcək layihələr üçün önəmlidir", - deyə o qeyd edib.
"Münasibətlərimizin uzun tarixi var. Əsas məsələ müasir dövr münasibətləri və gələcək üçün planlarımızdır”.
Bunu öz növbəsində Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, müstəqilliyin ilk illərindən Gürcüstan Azərbaycan, Türkiyə və İranla bərabər əsasda əlaqələri inkişaf etdirməyə çalışır: "Gürcüstanın ərazi bütövlüyünə verilən dəstəyə görə təşəkkür edirik. Biz də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Sülh, sabitliyi qorumaq uçun ərazi bütövlüyünə dair beynəlxalq hüquqa sadiqliyimizi bəyan edirik. Bu əməkdaşlıq regionda sülh, sabitlik və rifaha yönəlib. Bu ölkələrin nəqliyyat dəhlizi potensialı daha geniş istifadə oluna bilər. Asiya və Avropanı birləşdirmək üçün bu imkanlardan yararlanmaq lazımdır. Müntəzəm görüşlərimizi davam etdirməliyik”.
İran XİN rəhbəri: "Beynəlxalq hüquqa hörmət ölkələrin ərazi bütövlüyünə hörməti daha da gücləndirəcək”
"Çoxtərəfli iclasın Bakıda keçirilməsi üçün şadam. Dost və qonşu Azərbaycan xalqına təşəkkür edirəm. Biz regional əməkdaşlığa sadiqliyimizi təsdiq edirik. İran güclü regiona inanır. İstəyirik ki, ikitərəfli, üçtərəfli və dördtərəfli əməkdaşlıqlar formalaşsın”.
Bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, İran, Azərbaycan, Türkiyə və Gürcüstanı mədəni ortaqlıqlar bağlayır. Nazir bildirib ki, beynəlxalq hüquqa hörmət ölkələrin ərazi bütövlüyünə hörməti, regionda əməkdaşlığı daha da gücləndirəcək. "Enerji, tranzit, turizm, sənaye və texnologiya sahələrində əməkdaşlıq bütün region ölkələrinin inkişafına töhfə verə bilər. Fars körfəzi İranı Hind okeanı və Aralıq dənizinə birləşdirir və bununla biz region ölkələrinə daha rahat marşrut təqdim edirik. Gələcək iclaslarda bu sahələrlə bağlı daha geniş müzakirələr apara bilərik. Ümid edirəm ki, dördtərəfli əməkdaşlıq daha geniş əməkdaşlıq üçün imkan açacaq”.
İran XİN rəhbəri əlavə edib ki, konkret əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üçün işçi qrupu yaradılmalıdır.
.
