Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev nüvə arsenalının azaldılması ilə bağlı Rusiya, Çin, ABŞ və Avropa İttifaqı (Aİ) liderlərinin iştirakı ilə sammitin keçirilməsi təklifi ilə çıxış edib.

TASS verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Nazarbayev bu təklifi avqustun 26-da keçirilmiş BMT Baş Assambleyasının xüsusi sessiyasının iştirakçılarına göndərdiyi müraciətində irəli sürüb. Onun müraciətini Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi oxuyub.

"1991-ci ildə müstəqillik qazandıqdan sonra planetdəki dördüncü ən güclü nüvə arsenalına malik olan Qazaxıstan bundan imtina üçün könüllü seçim etdi. Tarix bu qərarın düzgünlüyünü təsdiq etdi - Qazaxıstan bariz nümunə olaraq göstərdi ki, insan tərəqqi və çiçəklənmə yolunda dinc şəkildə irəliləyə bilər", - deyə Nazarbayev mesajında bildirib.

O, beynəlxalq ictimaiyyəti Qazaxıstandan nümunə götürməyə və nüvə silahsızlaşdırılması sahəsində səyləri birləşdirməyə çağırıb.

"İnanıram ki, ABŞ, Rusiya, Çin və Avropa İttifaqı liderləri planetin gələcəyi üçün xüsusi məsuliyyət daşıyırlar. Əminəm ki, dördlü formatda bu sammitin keçiriləcəyi təqdirdə, onun əsas mövzularından biri nüvə silahının tədricən və mütənasib şəkildə azaldılması barədə çoxtərəfli sazişin hazırlanması olmalıdır. Qazaxıstan bu zirvə görüşü üçün öz platformasını təqdim etməyə hazırdır", - deyə Nazarbayev qeyd edib.

.