Naxçıvanda hüquq müdafiəçisi İlqar Nəsibova xəsarətlər yetirməkdə ittiham olunan Fərid Əsgərov saxlanılıb.
Bu Barədə "Azadlıq" radiosuna avqustun 23-də İlqar Nəsibovun həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova məlumat verib: «Bizə polisdən məlumat verdilər ki, artıq İlqarı hücum edənlərdən biri - Fərid Əsgərov saxlanılıb. Bilmirik o, hansı qisimdə saxlanılıb. Onu dedilər ki, hazırda o, Böyük Düz kəndindəki istintaq təcridxanasında saxlanılır».
Məlahət Nəsibova hazırda həyat yoldaşının ev şəraitində müalicə aldığını bildirir: «İlqarı evə gətirdik. Onu xəstəxanada qoymaq mümkün deyil. Həm xəstəxanada təmir gedir, həm də narahatıq. Onun vəziyyəti ağır olaraq qalır. Ağrılardan səhərə yata bilməyib...».
Xatırladaq ki, avqustun 21-də Naxçıvanda hüquq müdafiəçisi İlqar Nəsibova hücum edərək onu vəhşicəsində döyüblər. Aldığı zərbələrdən Nəsibov huşunu itirib. Ağır bədən xəsarətləri ilə onu xəstəxanaya çatdırıblar.
.