Avropa İttifaqının xarici siyasət fəaliyyəti xidməti Dağlıq Qarabağ münaqişəsi zonasında Ermənistan hərbi helikopterinin vurulmasından sonra münaqişə tərəflərini təmkinli olmağa çağırıb.
InfoAZ-ın xəbərinə görə, xidmətin açıqlamasında bildirilir ki, tərəflərin vəziyyəti gərginləşdirəcək istənilən hərəkətlərdən və bəyanatlardan çəkinməsi zəruridir: "Biz baş vermiş insidentin araşdırılmasına çağırırıq”.
Aİ ATƏT-in Minsk Qrupuna və 3 həmsədrin səylərinə tam dəstəyini ifadə edib. Brüsseldən bildirilib ki, hər iki tərəf atəşkəs rejiminə ciddi riayət etməli, güc tətbiqi və güc tətbiq etməklə hədələməkdən çəkinməli və münaqişənin dinc yolla həllinə dair cəhdləri bərpa etməlidir.
Bundan əlavə NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində Ermənistanın döyüş helikopterinin vurulmasına münasibət bildirib.
C.Appaturay özünün "Facebook” səhifəsində Ermənistan helikopterinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulması barədə məlumatlardan narahat olduğunu bildirib.
"İnsidentin hansı şəraitdə baş verməsindən asılı olmayaraq, hər iki tərəf səbrli olmalı və münaqişənin diplomatik həllinə davam etməlidir”, - deyə o vurğulayıb.
.