NATO tarixində ilk dəfə terrorizmlə mübarizə üçün xüsusi koordinator təyin edilib.
Yenizaman-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüs sammitindən geri dönərkən təyyarədə jurnalistlərin suallarını cavablayarkən danışıb.
"Ukraynada davam edən müharibənin təsirlərinin regionumuzda və qlobal miqyasda hiss olunduğu bir vaxtda keçirdiyimiz sammitin faydalı olacağına ümid edirəm. Vilnüs NATO-nun birliyini və ahəngdarlığını nümayiş etdirmək və müttəfiq həmrəyliyini gücləndirmək üçün mühüm mərhələ təşkil etdi. Biz bir daha təsdiq etdik ki, NATO müdafiə və təhlükəsizlik məsələləri üzrə əsas məsləhətləşmələr forumudur. Müttəfiqlər arasında sanksiyaların və məhdudiyyətlərin aradan qaldırılması vədi də daxil olmaqla yenilənmiş müdafiə sərmayələri bu cür öhdəliklərin qəbul edilməsidir. Yenə səylərimiz nəticəsində alyans tarixində ilk dəfə olaraq Terrorla Mübarizə üzrə Xüsusi Koordinatorun təyin edilməsi qərarı açıqlandı",- deyə Ərdoğan bildirib.
Qeyd edək ki, 11-12 iyul tarixlərində Vilnüs Sammiti baş tutub. Sammitdə NATO üzvü olan 31 ölkənin dövlət və hökumət başçıları, namizəd ölkələrdən İsveç, eləcə də Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya nümayəndələri iştirak edib.
.
