NATO Parlament Assambleyasının (PA) Bakıda keçirilən seminarında Ukrayna məsələsi müzakirə edilib.
APA-nın məlumatına görə, Avropa Birliyinin Şərq Tərəfdaşlığı və Rusiya məsələləri üzrə tədqiqat proqramının rəhbəri Arkadi Moşez bildirib ki, Rusiyanın Krımı işğal etməsindən sonra AB-nin bütün cəhdləri səmərəsiz olub. O AB-nin Rusiyaya tətbiq etdiyi sanksiyaların gözlənilən nəticələri yetərincə vermədiyini bildirib: "Biz daha ciddi təzyiqlər göstərə bilərdik, amma təəssüf ki, bu, mümkün olmadı. Mən təəssüf ki, bundan sonra Ukraynada nə baş verəcəyini deyə bilmərəm. Amma indiki halda qənaətimiz odur ki, Rusiya ən azı Krım məsələsində AB-ni uddu”.
Litvanın NATO PA-da nümayəndə heyətinin rəhbəri xanım Rasa Jukneviciene isə AB rəsmisinin çıxışı ilə razılaşmadığını söyləyib və ümidsizlik əvəzinə, Qərbi yeni addımlar atmağa çağırıb. O, mövcud sanksiyalarla kifayətlənməməyi, AB-nin daha ciddi tədbirlər görmək qabiliyyətində olduğunu vurğulayıb: "Əks halda, bu vəziyyət davam edərsə, regionda bizim də suverenliyimiz təhdid altında qalacaq. Biz Putinə "dur” demək yox, onu dayanmağa məcbur etməliyik. Bunun üçün hər şeyi nəzərdən keçirmək lazımdır. Məsələn, Rusiyanın Çinlə yaxınlığına diqqət etmək lazımdır. Biz Çinlə bağlı da müvafiq ölçü götürməliyik. Çünki Ukrayna məsələsi başlayan kimi Putinin yeganə işgüzar və sirli səfəri Çinə oldu. Bu səfərdən sonra Ukraynada vəziyyət gərginləşdi”.
Daha sonra söz alan Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü Zahid Oruc bütün baş verənlərdə Avropanın özünü, o cümlədən NATO-nu günahlandırıb: "Siz regionda baş verənlərlə əlaqədar, xüsusilə Rusiyaya qarşı bu narahatlığı indi yox, vaxtında göstərməliydiniz. Dağlıq Qarabağ məsələsində, Azərbaycanın ərazi bütövlüyünün pozulmasında vaxtında göstərdiyiniz hərəkətsizlik indi bu acizliyinizə, Rusiyanın bu boşluqdan məharətlə istifadə etməsinə gətirib çıxarıb. Mən sizi qəti əmin edirəm, Rusiyanın Krımı tutmasından nəinki krımlılar, heç MDB ölkələrinin sakinləri də narazı deyillər. Çünki bu ölkələrin yaşadıqlarında sizdən gözləntilərin özünü doğrultmaması, bundan istifadə edən Putinin məharəti hər şeyə təsir etdi. Mən sizə təklif edərdim ki, siz vaxtında Putini dəyərləndirin. "Putin kimdir?” sualını çox ciddi formada özünüzə verin”.
Azərbaycanın NATO PA-da digər üzvü Qüdrət Həsənquliyev isə bildirib ki, Qərb və ABŞ Gürcüstanda olduğu kimi, Azərbaycanla da eyni ssenarini oynamaq istəyir: "Abxaziyanı, Cənubi Osetiyanı Rusiyaya verib Gürcüstanı və gürcü xalqını Rusiya ilə əbədi düşmən elədilər. İndi Gürcüstanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq bu ölkə heç vaxt Rusiya meylli ola bilməyəcək. İndi də Rusiyanın əli ilə Qarabağı Ermənistana vermək istəyən Qərb və ABŞ Azərbaycanı bu vəziyyətə salmaq istəyir”.
.
