Bu il NATO müttəfiqlərindən 18-nin müdafiə xərcləri ÜDM-nin 2%-nə çatacaq.
Bu barədə NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin fevralın 15-də keçiriləcək iclasından əvvəl mətbuat konfransında deyib.
"Mən 18 müttəfiqin bu il ÜDM-nin 2%-ni müdafiəyə xərcləyəcəyini gözləyirəm. Bu rekord rəqəmdir", - Baş katib bildirib.
O əlavə edib ki, NATO-nun Avropa dövlətləri bu il müdafiə sahəsinə ümumilikdə 380 milyard dollar sərmayə qoyacaqlar.
Stoltenberq deyib ki, 2014-cü ildən bəri Avropa müttəfiqləri və Kanada müdafiəyə 600 milyard ABŞ dolları xərcləyib.
"Biz 2023-cü ildə qeydə alınmamış səviyyədə artım gördük, NATO-nun Avropa müttəfiqləri və Kanadada bu xərclər 11 faiz artıb. Avropa müttəfiqləri müdafiə xərclərində və 2 faizlik hədəfə çatmaqla bağlı ciddi irəliləyişlər əldə etsə də bəzi müttəfiqlərin hələ qət edəcəyi məsafə var. Çünki biz Vilnüs sammitində razılaşma əldə etdik ki, bütün üzvlər müdafiə xərclərini ÜDM-nin 2 faizinə çatdırmalıdır və 2 faiz hələ minimum səviyyədir", - Stoltenberq vurğulayıb.
.
